Xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərin sualının cavabında bildirib ki, İranın fikir ayrılıqlarını aradan qaldırmaq üçün ciddi addım atmaq niyyətini görürük:
“İran qonşu ölkədir. Azərbaycan həmişə İranla münasibətlərin müsbət inkişafında maraqlı olub. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Prezident İlham Əliyevlə görüşü zamanı münasibətləri açıq şəkildə müzakirə etmək imkanı oldu. İranın iki ölkə arasında fikir ayrılıqlarını aradan qaldırmaq üçün ciddi addım atmaq niyyətini görürük və hiss edirik. Belə olan təqdirdə, Azərbaycan tərəfi də adekvat addımlar atacaq”. Bayramov Azərbaycanın İrandakı səfirliyimizə hücumun təqsirkarlarının cəzalandırılmasını istədiyini bildirib: “Bu məsələ ilə bağlı rəsmi Bakının ciddi gözləntiləri var. İrandakı səfirliyimizin fəaliyyətinin dayandırılmasının konkret səbəbləri var”.
Görünən odur ki, İran Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir. O baxımdan bütün bunları ekspertlər necə dəyərləndirir?
“Reallıqları dərk edən İran hakimiyyəti Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən siyasi ekspert Elşad Həsənov hesab edir ki, İran üzərinə düşən işləri yerinə yetirməlidir: “Əvvəla, İkinci Qarabağ müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycanı hədələyən bəyanatlarla çıxış edib. Müharibə dönəmində açıq şəkildə Ermənistanın tərəfini saxladılar. Ermənistana silah daşınmasına şərait yaratdılar. İkinci Qarabağ müharibəsindən əvvəl ermənilər məscidlərimizi dağıtdılar, müqəddəs yerləri təhqir etdilər. İslam Respulikası olan İran buna göz yumdu. Bir dəfə belə etiraz etmədi. İkinci Qarabağ müharibəsində Azərbaycanın öz ərazilərini azad etməsindən sonra bundan ən çox narahat olan ölkə İrandır. Ard-arda Zəngəzur dəhlizinə qarşı bəyanatlarla çıxış etdi. Eyni zamanda, Qafanda konsulluq açdı. Halbuki, İranın orada konsulluq açmasına ehtiyac yox idi. İşğal dövründə Arazboyu ərazilərdə bir dəfə olsun hərbi təlim keçirməyən İran, işğaldan sonra 2 dəfə genişmiqyaslı hərbi təlimlər keçirib. Bütün bunlar, əlbəttə ki, Azərbaycana qarşı güc nümayişi idi. Düzdür, bütün bunlara Azərbaycan adekvat cavab verdi. Azərbaycan açıq bəyan etdi ki, İrandan çəkinmirik və ölkəmizin milli maraqları hər şeydən üstündür. Azərbaycanın Türkiyə, Pakistan, İsrail kimi müttəfiqləri var. Hətta gərginliyin ən pik vaxtında ABŞ Azərbaycanın yanında olduğunu bəyan etdi. 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb. Əfsuslar olsun ki, ilk dövrlərdə İran terrorun təşkilatşıları ilə bağlı ciddi araşdırma aparmadı. Hadisəyə məişət nöqteyi-nəzərindən yanaşdı. Lakin Azərbaycana beynəlxalq dəstəyin olduğunu görən molla rejimi öz siyasətini təhlil etdi. Gördü ki, Azərbaycanla güc dilində danışa və öz obyektiv fikrindən döndərə bilməyəcəklər. Ona görə də reallıqları dərk edən İran hakimiyyəti Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir. Bunun üçün də İran üzərinə düşən işləri yerinə yetirməlidir. Azərbaycanın apardığı müstəqil siyasətə müdaxilə etməməlidir. Tehrandakı səfirliyimizdə törədilən terroru obyektiv araşdırmalıdır. Əgər bütün bunlar təmin edilərsə, o zaman problem yoxdur. Onsuz da Azərbaycan hər zaman İranla normal qonşuluq əlaqələrinin qurulmasında maraqlı olub. Çünki orada 40 milyon nəfərə yaxın soydaşımız yaşayır. Başqa bir tərəfdən, İrandakı soydaşlarımızın artan müqaviməti də Tehranın yumşalmasında müəyyən rol oynayıb”.
Vidadi ORDAHALLI