Paşinyanın Gürcüstana bu dəfəki səfəri və baş nazir Qaribaşvili ilə təkbətək müzakirələri barədə dərin- dərin düşünməyə dəyər. Qapalı şəraitdə o hansı "strateji məsələlərdir" ki, müzakirə edirlər? Həm də bu elə bir vaxtda edilir ki, Rusiya - Gürcüstan münasibətlərində istiləşmə başlayıb və Rusiya istila etdiyi Abxaziya bölgəsinin üzərindən Ermənistana dəmiryolunun çəkilməsini ara-sıra gündəmə gətirir... Aydın məsələdir ki, Ermənistan bu işdə maraqlıdır.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Ermənistan bilir ki, sülh sazişi imzalamasa, Azərbaycan onu blokadadan çıxarmayacaq. Buna baxmayaraq saziş imzalamağı hər vasitə ilə gecikdirir. Deməli, Ermənistan hansısa alternativ axtarır və ya Azərbaycan imkan verməsə də, onu blokadadan çıxaran alternativin(?) olduğuna inanır. Nədir Ermənistanın inandığı alternativ?..
Bəlkə, bu elə Gürcüstandır? Necə inanmaq olar ki, Gürcüstan Azərbaycanın mənafelərinə uyğun olmayan bu işə qol qoysun? Necə ola bilər Gürcüstan anlamasın ki, Azərbaycanla sazişdən öncə Ermənistana nəfəslik açsa, Azərbaycanın işi çox çətinə düşəcək?.. Belə də Ermənistanla qapalı "strateji müzakirələr" nə deməkdir?...
Başlanğıcda Gürcüstan - Rusiya münasibətlərinin yumşalma prosesində olduğunu təsadüfən yada salmadım. Bəlkə hələlik gizli saxlanan bir plan ətrafında iş gedir?..Məsələn...
"Rusiya ilə Gürcüstan Abxaziya üzərindən Ermənistana yolun çəkilməsinə razılaşırlar. Ermənistan bu halda həm Rusiyaya, həm də Qara dənizə və Qərbə çıxış əldə edir. Blokadadan çıxır. Rusiyanın Ermənistanla bağlılığı xeyli güclənir. Əvəzində isə Gürcüstan 2008-ci ildə itirdiyi Abxaziyanı və Cənubi Osetiyanı geri alaraq öz ərazi bütövlüyünü təmin edir. Zatən Qərb bu əraziləri Gürcüstana qaytarmağa nail ola bilmədi, Gürcüstanı heç NATO və AB-yə də qəbul etmədilər. Gürcüstanın daha Qərbdən umacağı yoxdur. Qərbin ən böyük zərbə qüvvəsi olan Saakaşvilini həbsdə elə belə çürüdürlər? Postsovet məkanda hazırda Qərbin ən ardıcıl müttəfiqi Ukrayna ilə münasibətləri elə belə pozurlar? Yox, bunlar səbəbsiz deyil. Rusiya iki separatçı bölgəni Gürcüstana qaytarmaqla Gürcüstan və Ermənistanı yenidən öz təsirinə qaytara bilər. Bu halda ortada qalmış Azərbaycanın Rusiyanın təsirlərinə daha həssas yanaşmaqdan başqa yolu çətin ki, qalsın. Gürcüstan eyhamlar vursa ki, biz iki bölgəmizi geri almaq naminə buna getməyə məcburuq, kim nə deyəcək? Gürcülər eyham vursa ki, Azərbaycan Ermənistanla döyüşərək torpaqlarını aldı, bizimsə Rusiya ilə vuruşmaq imkanımız olmadığı üçün bu yola getməyə məcburuq"...
Görürsünüz, ortada nə qədər təhlükəli bir planın konturları görünür...
Ehtimal olsa da, gerçəkləşməsinə ciddi əsaslar var...
Tahir TAĞIYEV