Azərbaycan Ermənistan üzərində növbəti mühüm qələbəsinə imza atıb. Əslində, bununla da dünya ictimaiyyətində Ermənistanın ifşası istiqamətində ölkəmiz növbəti uğurunu qazanıb. Söhbət Beynəlxalq Ədalət Məhkəməsinin qərarindan gedir.
Xarici İşlər Nazirliyinin məlumatına əsasən, 6 iyul 2023-cü il tarixində Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın 12 may 2023-cü il tarixində Məhkəməyə təqdim etdiyi və 23 aprel 2023-cü il tarixində Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin quraşdırılmasının “qanunsuz” olduğuna dair vəsatətini yekdilliklə rədd edib. Bildirilir ki, Ermənistan Azərbaycan tərəfindən 23 aprel 2023-cü il tarixində Ermənistanla şərti dövlət sərhədində, Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin quraşdırılmasını Məhkəmənin 22 fevral 2023-cü il qərarını pozduğunu, bunu nəzərə alaraq Azərbaycan tərəfindən sərhəd buraxılış məntəqəsinin təcili ləğv edilməsini, Laçın yolundan və yol boyu Azərbaycanın hər hansı silahlı qüvvələrinin çıxarılmasını tələb edib. Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsi qarşısında Azərbaycana qarşı qaldırdığı iddia hüquqi baxımdan absurd olduğundan, ölkəmiz sözügedən məhkəməyə Ermənistan tərəfindən bu müddət ərzində Laçın yolunun qanunsuz istifadə edilməsini sübut edən dəlilləri təqdim edib, xüsusilə bu müddət ərzində Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsinə öz hərbçilərinin göndərilməsi, yeni istehsal edilmiş minaların gətirilməsi və bu ərazilərdə basdırılması, Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı və Ermənistana daşınması, üçüncü dövlətlərin vətəndaşlarının Azərbaycana qanunsuz gəlməsinə şərait yaradılması məqsədilə sui-istifadə hallarına dair çoxsaylı sübutlar təqdim edib. Bütün bunlar fonunda 15 iyun 2023-cü il tarixində Ermənistan məhkəməyə bir daha müraciət edərək, Azərbaycan tərəfindən Laçın yolunun tam bağlanması barədə məlumat verərək, qurumdan məsələyə təcili olaraq müdaxilə edilməsini bir daha israrla istəyib. Eyni zamanda Azərbaycan tərəfi məhkəməyə Ermənistan silahlı qüvvələri tərəfindən sərhəd buraxılış məntəqəsinin normal iş ahəngini və fəaliyyətini pozmaq üçün törətdiyi hərbi təxribat, bunun arxasında duran siyasi motivasiya və məqsəd, Ermənistanın Laçın yolunun yerli erməni sakinləri tərəfindən normal istifadəsinin qarşısının alınması üçün törətdiyi digər müxtəlif əngəllər barədə təfsilatlı məlumat verib. Sonda məhkəmə Azərbaycanın təqdim etdiyi sübutlar və gətirdiyi arqumentlərlə tam razılaşmaqla, Ermənistanın vəsatətini yekdilliklə rədd edib. Onu da qeyd edək ki, Ermənistan iddiasını İrqi Ayrıseçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Beynəlxalq Konvensiya ilə əlaqələndirməyə çalışırdı. Ancaq Beynəlxalq Ədalət Məhkəməsi bu iddianı tamamilə haqlı olaraq rədd etdi. Qəbul edilən qərar bir daha sübut etdi ki, dünya ermənilər kimi yalançı illüziyalarla deyil, real beynəlxalq hüquq və siyasi reallıqlar içərisində yaşayır. Azərbaycan XİN bildirir ki, bununla məhkəmə ilk növbədə Azərbaycanın Ermənistanla şərti dövlət sərhədlərində nəzarət buraxılış məntəqəsini qurmağa beynəlxalq hüquq əsasında suveren hüquqa malik olduğunu rəsmən tanıyıb. Bu qərar bir daha Azərbaycanın Ermənistanla sərhəddə nəzarət buraxılış məntəqəsi yaratmaqda tamamilə haqlı olduğunu göstərdi. Eyni zamanda, həm də Qarabağda yaşayan ermənilərin Azərbaycanın yurisdiksiyasını qəbul etməsinin zəruriliyini ortaya qoydu. Əsas məqamlardan biri də budur ki, məhkəmə Azərbaycanın Laçın yolundan öz silahlı qüvvələrini çıxarmağa dair beynəlxalq hüquq əsasında hər hansı bir öhdəliyə malik olmadığını təsdiqləyib. Bundan başqa, Ermənistan tərəfinin cari ilin aprel ayından Azərbaycanın öz suveren hüququna əsaslanaraq quraşdırdığı buraxılış məntəqəsinin fəaliyyətinin məhkəmənin 22 fevral 2023-cü il tarixli qərarını pozduğuna dair iddiası əsassız hesab edilib. Ən əsas məsələlərdən biri də o oldu ki, ermənilərin "miatsum" ideyaları Beynəlxalq Ədalət Məhkəməsinin aldığı qərarla bir daha tarixin zibil qutusuna atılmış oldu. Məhkəmənin gəldiyi bu qənaətin, şübhəsiz ki, mühüm beynəlxalq nəticələri olacaq. Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi ötən ilin oktyabrında da "İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyanın tətbiqi ilə bağlı müvəqqəti tədbirləri əsas gətirərək Ermənistanın 7 dekabr 2021-ci il tarixli məhkəmə qərarına dəyişiklik edilməsi barədə tələbini rədd etmişdi. Ermənistandan fərqli olaraq, Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin qərarını və beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməkdədir. Ermənistan bilməlidir ki, Azərbaycanın Laçın yolunun girişində sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etmək qərarı onun sərhədlərin mühafizəsi üzrə suveren hüququdur. Sərhəd nəzarət-buraxılış məntəqəsi yaradılandan etibarən erməniəsilli yerli sakinlər Azərbaycanın daxili və beynəlxalq öhdəlikləri çərçivəsində giriş-çıxışda sərhəd nəzarətinin ayrıseçkilik olmadan həyata keçirildiyi sərhəd-buraxılış məntəqəsindən keçməkdədirlər. Ermənistanın vəsatətinin rədd edilməsi Ermənistana və Qarabağdakı separatçılara arxa durmaq istəyənlərə də mühüm xəbərdarlıqdır. Beynəlxalq Ədalət Məhkəməsinin qərarı imkan verəcək ki, Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərində yaşayan ermənilərin reinteqrasiyasını da uğurla həyata keçirsin. “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması isə beynəlxalq hüquq normalarına əsaslanır. Ona görə də Beynəlxalq Ədalət Məhkəməsi başqa cür qərar qəbul edə bilməzdi. Məhkəmənin bu qərarı dövlətimizin atdığı addımın legitimliyini bir daha təsdiqləyir. Indi ermənilərin bundan nəticə çıxarması artıq zəruridir. Əks halda bundan uduzan yenə ermənilər olacaq.
Tahir TAĞIYEV