Ermənistan parlamentindəki hakim “Vətəndaş sazişi” fraksiyasının deputatı Ovik Ağazaryan erməni mediasına açıqlamasında rəsmən bəyan edib ki, onların Azərbaycanla məsələni hərbi yolla həll etmək imkanı yoxdur:
“Əlbəttə, vəziyyət çətindir, amma sülhə nail olmaq da asan deyil, məhrumiyyətlər, itkilər, qurbanlar tələb olunur. İndi beynəlxalq ictimaiyyət “Artsax” və Azərbaycan arasında danışıqların həllinə qərar verməlidir. Mümkün qədər dözmək lazımdır. Bizim Türkiyə və Azərbaycanla məsələni hərbi yolla həll etmək imkanımız yoxdur, ona görə də dünya güclərindən problemi başqa cür həll etmələrini xahiş etməliyik”.
Görünən odur ki, Ermənistan ən yüksək səviyyədə Azərbaycanla hərbi müstəvidə bacara bilməyəcəyini etiraf edir.
“... anlamağa başlayırlar ki, məsələnin hərb yolu ilə həlli mümkünsüzdür”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, bunu şərtləndirən bir sıra faktorlar var: “Bəli, bundan sonra Ermənistanın arxasında kim durursa-dursun, bu ölkə Azərbaycanla hərbi müstəvidə bacara bilməyəcək. Əvvəla, Azərbaycanın Türkiyə kimi strateji müttəfiqi var. Özü də Türkiyə NATO dövlətidir. Digər tərəfdən, Ermənistan həm əhalisinin sayına görə, həm də iqtisadi imkanlarına görə Azərbaycanla rəqabət aparacaq səviyyədə deyil. Azərbaycan böyük neft-qaz gəlirlərinə malik olduğu üçün ən müasir silah komplekslərini ala bilir. Təsadüfi deyil ki, Vətən müharibəsindən sonra Azərbaycan hərbi və müdafiə xərclərini ilbəil artırır. Bu günlərdə Prezident, Ali Baş Komandan İlham Əliyev bəyan etdi ki, ən müasir silahlar alınacaq. Vətən müharibəsində biz düşmənə elə zərbə vurduq ki, nəticədə ermənilərin 30 il formalaşdırdıqları “məğlubedilməz ordu” stereotipləri darmadağın edildi. Onsuz da Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi Rusiya hesabına olmuşdu. Ancaq ermənilər bunu elə təqdim edirdilər ki, guya onların “qəhrəmanlığı” sayəsində ərazilərimiz işğal olunub. İndi erməni rəsmiləri anlayırlar ki, Ermənistan növbəti dəfə Azərbaycanla müharibəyə getsə, bu dəfə itkiləri əvvəlkindən də çox olacaq. Ona görə də anlamağa başlayırlar ki, məsələnin hərb yolu ilə həlli mümkünsüzdür. Ermənistanın nə iqtisadi, nə də insan resursları bunu qarşılamaq qüdrətindədir. Çünki yeni müharibə Ermənistanı daha fəlakətli nəticələrə gətirib çıxaracaq. Hakim partiya təmsilçisi, deputat Ovik Ağazaryanın məlum etirafı həm də erməni cəmiyyətinin sülhə hazırlanması kimi qəbul oluna bilər”.
Vidadi ORDAHALLI