Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə Fransanın iç üzünü ifşa etməsi Ermənistanın Baş naziri Nikol Paşinyanın narahatlığına səbəb olub.
Özünə umac ova bilməyən, lakin Fransaya əriştə kəsməyə çalışan Paşinyan “Azərbaycan bir neçə aydır ki, Fransaya qarşı genişmiqyaslı əks-təbliğat aparır” deyə bildirib. Armenpress-in yaydığı məlumata görə, Paşinyan yazıb ki, guya Fransa keçmiş “Dağlıq Qarabağ”ın “erməni əhalisinə” qarşı Azərbaycanın “qanunsuz hərəkətləri” ilə bağlı öz “məqsədyönlü qiymətlərini və narahatlığını” rəsmi və açıq şəkildə ifadə etdiyi üçün Azərbaycan Fransaya qarşı genişmiqyaslı antitəbliğat aparır.
Paşinyan həqiqəti dilə gətirmək əvəzinə, riyakarcasına Fransanı “obyektiv” adlandırıb Azərbaycanı gühahkar çıxarmağa çalışır. Qarabağ da daxil olmaqla Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıdığını bəyan edən Paşinyanın yenidən “Dağlıq Qarabağ” ifadəsi işlətməsi də riyakarlığın son həddidir. Nədənsə, Paşinyan gözündən pərdəni götürüb Fransanın illərdir yürütdüyü anti-Azərbaycan təbliğatını, təxribatlarını görmək istəmir. Azərbaycanın Fransaya qarşı ittihamları tam əsaslıdır və burada hansısa bir əsassızlıq axtaran, yumşaq tərzdə desək, kordur. Ekspertlər deyir ki, Paşinyan Makronu müdafiə etməkdənsə özünü müdafiə etsə daha uyğun olar, çünki özü daha çox hədəfdədir. Paşinyanın Makrona yaltaqlandığını deyən ekspertlər hesab edir ki, Fransa Ermənistanın təcavüzkar siyasətini və Qarabağdakı erməni separatçılarını dfəstəklədiyi üçün Paşinyan ona yarınır.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Mətin Məmmədli “Bakı-Xəbər”ə şərhində “Paşinyanın Azərbaycanın Fransanı ifşa etməsinə qarşı fikirlər ifadə etməsi təbiidir. Fransa vaxtilə Ermənistanın təcavüzkar siyasətinə, birbaşa olmasa da, müəyyən dolayı dəstək verən, Azərbaycanın haqlı mövqeyini zəiflətməyə çalışan, İkinci Qarabağ müharibəsi bitdikdən sonra bu il il yarım müddət ərzində öz siyasəti ilə Ermənistanı Azərbaycanla münaqişəyə təhrik edən dövlətlərdən biridir. Baxmayaraq ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Yəni dünyada sülhün, ədalətin, beynəlxalq hüquq normalarının təntənəsini təmin etməli 5 əsas dövlətdən biridir. Ancaq Fransanın Azərbaycana, Cənubi Qafqaza münasibətdə yürütdüyü siyasətdə bunun əksini görürük”-deyə bildirdi.
M.Məmmədlinin sözlərinə görə, Fransa bu gün liberal demokratik dəyərlərin carçısı olduğunu, yüksək mədəniyyətə malik olduğunu açıqlayır, amma buna baxmayaraq hələ də dünyanın müxtəlif ölkələrində öz müstəmləkəsini saxlamaqqadır. “Bu gün də özünün müstəmləkə siyasətini müəyyən formada Cənubi Qafqaza gətirmək istəyir. Qeyd etdiyimiz kimi, Fransa Ermənistanı daha qeyri-konstruktiv və qeyri-rasional mövqeyə təhrik edən dövlətlərdən biri kimi çıxış edir. Azərbaycan Fransanın bu mövqeyinə adekvat olaraq öz münassibətini ortaya qoyur. Bu da təbiidir. Bu gün Paşinyan əgər Fransanı müdafiə edirsə və Azərbaycanın Fransanın əməllərini ifşa etməsini tənqid edirsə, təbii, bu başadüşüləndir”.
M.Məmmədli hesab edir ki, bu, iki dövlətin siyasəti ilə bağlıdır. Müsahibimiz əlavə etdi ki, Azərbaycan öz haqlı mövqeyini müdafiə edir və Fransanın əməllərini ifşa etməklə onun iç üzünü açıb dünyaya göstərir.
İradə SARIYEVA