İyulun 6-da Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Respublikasının üzv olduğu Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində dəyirmi masa keçirilib. Masada Martinik, Qayana, Yeni Kaledoniya, Fransız Polineziyası, Uollis və Futuna, Solomon adalarının nümayəndələri çıxış ediblər.
Müzakirələr zamanı Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığını və aktuallığını təsdiqləyiblər.
Natiqlər Fransanın xaricdəki müstəmləkələrində vəziyyətin icmalını təqdim ediblər, ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq barədə razılığa gəliblər. İştirakçılar müstəmləkə altında olan xalqların üzləşdiyi problemlərin müzakirəsi üçün belə bir tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycan tərəfinə təşəkkür ediblər.
İştirakçılar Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəliblər. Sonda yekun bəyannamə qəbul edilib.
Bakıda belə bir Təşəbbüs Qrupunun yaradılması nə kimi əhəmiyyətə malikdir?
Tarix üzrə fəlsəfə doktoru Səyyar Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, fransız müstəmləkə imperiyası XIX-XX əsrlərdə İngiltərədən sonra dünyanın ikinci ən böyük müstəmləkə imperiyası idi: “Fransız müstəmləkə imperiyasının ərazisi vətəni ilə birlikdə 1900-1939-cu illərdə 13 milyon 500 min kvadrat kilometrə çatmışdı. Bu ölçü həm də dünyanın ümumi ərazisinin 10 faizinə uyğun gəlirdi. 1958-ci ildə Afrika müstəmləkələrinə müstəqillik verərək geri çəkilən Fransa özündən asılı gördüyü bu ölkələrə hələ də mədəni, iqtisadi və siyasi baxımdan nəzarət edir. Bu nəzarəti tədricən artırmağa çalışır. Afrika qitəsini qərbdən və şimaldan idarə edən Fransanın bütün Aralıq dənizini özünə məxsus görmə anlayışı ilə yanaşı, Qırmızı dənizə nəzarət edən Cibutidə də daimi bazası var. Fransanın hərbi varlığı sayəsində Cibuti, Çad, Mali və Qabondan Seneqala qədər uzanan Sahel qurşağında bölgəyə hakim olmağa çalışdığı görünür. Afrikadakı Qərb müstəmləkəçiliyi Fransadan başlayır. Fransa müasir dövlətlər arasında Afrika müstəmləkə planını formalaşdıran ilk ölkədir. Bəşər tarixinin ən böyük soyqırımlarından biri sayılan və 800 min insanın həlak olduğu 1994-cü il Ruanda soyqırımında Fransanın rolu olduğu üzə çıxıb. Ruanda soyqırımından bir qədər əvvəl bölgədəki fransız əsgərlərinin aldıqları kəşfiyyat məlumatlarını dəyərləndirmədiyi və bölgəni tərk etdiyi, bəzi fransız əsgərlərinin isə qətliamları şəxsən dəstəklədiyi beynəlxalq hesabatlarda əksini tapıb. Benin, Burkina Faso, Qvineya, Fil Dişi Sahili, Mali, Niger, Seneqal, Toqo, Kamerun, Mərkəzi Afrika Respublikası, Çad, Konqo, Ekvatorial Qvineya və Qabon hələ də Fransaya müstəmləkə vergisi ödəyir.
Bu ölkələrin keçmişinə nəzər saldıqda, Fransaya vergi verməyən liderlərin ya çevrilişin, ya da sui-qəsdin qurbanı olduqları görünür. Son 50 ildə 26 Afrika ölkəsində ümumilikdə 67 hərbi çevriliş baş verib. Bu çevrilişlərin baş verdiyi ölkələrdən 16-sı keçmiş Fransa koloniyalarıdır. Hesab edirəm ki, Bakıda yaradılan bu Təşəbbüs Qrupunun Fransa müstəmləkəçiliyi ilə bağlı əsl həqiqətlərin dünyaya çatdırılmasında böyük əhəmiyyəti olacaq. Olduqca ciddi və dünya əhəmiyyətli bir addımdır”.
Məhəmmədəli QƏRİBLİ