01/10/2023 19:25
728 x 90

Avropa Şurasının Azərbaycan barədə bu rəyinin hansı hissəsi DİN-in payına düşür...

Şəmsəddin Əliyev: “DİN orqanları öz təcrübələrinə söykənərək bu sahədə ciddi nəticələr əldə ediblər”

img

Avropa Şurasının İnsan Alverinə Qarşı Fəaliyyət üzrə Ekspert Qrupu (GRETA) iyunun 6-da yeni hesabat yayıb. Yeni hesabatda deyilir ki, Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə hüquqi, institusional və siyasi bazanın inkişafında irəliləyiş əldə olunub.

Həmçinin maarifləndirmənin artırılması və uyğun mütəxəssislərin hazırlanması sahələrində də inkişaf var. Bundan əlavə, Azərbaycan insan alveri qurbanlarına Yardım Mərkəzinin insan və maliyyə resurslarını gücləndirib. GRETA eyni zamanda insan alveri ilə bağlı cəzaların sayının artırılmasını alqışlayır. Lakin hesabata görə, təkmilləşdirməyə ehtiyacı olan bir neçə sahə qalır. GRETA hakimiyyəti qurbanların hüquqi yardıma və mövcud kompensasiya mexanizmlərinə çıxışını yaxşılaşdırmaq üçün addımlar atmağa çağırır. Hesabatda həmçinin insan alveri qurbanlarının əmək bazarına səmərəli çıxışını gücləndirmək və onların sosial-iqtisadi inklüzivliyini artırmaq üçün əlavə addımların atılmasının vacibliyi vurğulanır.

Bütün bu uğurların əldə olunmasında polis və DİN-in nə kimi vacib rolu olub?

  • “... insan alveri ilə mübarizədə cəzaların sərtləşdirilməsi də buna öz müsbət təsirini göstərib”

Sözgedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri, hüquqşünas Şəmsəddin Əliyev buna bir neçə aspektdən yanaşdı: “Uğurların kökündə dayanan faktorlar müxtəlifdir. Ölkədə insan alverinə qarşı mübarizəyə dair dövlətin 2020-2024-cü illəri əhatə edən Milli Fəaliyyət Planı var. Milli Fəaliyyət Planının tələblərinə müvafiq olaraq Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi vəzifə fəaliyyətini uğurla icra edir. İşlərini prinsipial və peşəkarcasına icra edirlər. Azərbaycanda 2005-ci ildə insan alverinə qarşı mübarizəyə dair qanun qəbul olunanda DİN orqanları öz təcrübələrinə söykənərək bu sahədə ciddi nəticələr əldə ediblər. Azərbaycanda insan alveri ilə bağlı cinayətlərin açılma dərəcəsi yüksəkdir. İnzibati tədbirlərlə yanaşı, maarifləndirmə işinin düzgün qurulması, QHT-lərlə işin səmərəli qurulması bu sahədə müsbət nəticələrin əldə olunmasına öz təsirini göstərib. DİN 2020-2024-cü illəri əhatə edən Milli Fəaliyyət Planının tələblərinə müvafiq olaraq qarşıya qoyulan məqsədlərə nail olunması istiqamətində sistemli fəaliyyət göstərir. Digər dövlət qurumları ilə uğurlu əməkdaşlıq edir. İnsan alveri qurbanlarının cəmiyyətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısı alınıb. Bu qurbanların həm təhlükəsizliyi təmin edilir, həm də onlarla nəzakətli rəftar olunur. Bütün bunlarda, əlbəttə ki, polisin müstəsna rolu var. Başqa bir tərəfdən, insan alveri ilə mübarizədə cəzaların sərtləşdirilməsi də buna öz müsbət təsirini göstərib. Bu sahədə uğurlu fəaliyyəti beynəlxalq qurumlar da müsbət dəyərləndirir. Ümumiyyətlə, dünyada kriminal qrupların təşkilatlanması və onun miqrasiyasının maneəsiz genişlənməsini nəzərə alsaq, insan alveri 21-ci əsrin qlobal problemlərindən biridir. BMT-nin hesabatına görə, insan alveri cinayətlərinin 59 faizini cinsi istismar, 34 faizini məcburi əmək fəaliyyəti təşkil edir. Ona görə də bu sahədə mübarizə daim gücləndirilməlidir”.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər