Ermənistan-Türkiyə Vyana razılaşmalarının əsl mahiyyəti nədir...

Əli Orucov: “Nəzəri baxımdan belə bir halın baş verməsi mümkün görünür, amma praktiki baxımdan bu real görünmür”

img

Məlum olduğu kimi, iyulun 1-də Vyanada Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr - səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında dördüncü görüş keçirilib.

Görüş çərçivəsində tərəflər Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa gəlib və bununla bağlı lazımi prosesin başlanmasına qərar verilib. Həmçinin nümayəndələr arasında Türkiyə və Ermənistanın havadan yük daşınmalarının mümkün qədər tez başlaması barədə razılıq əldə olunub. Həmçinin görüş nəticəsində iki ölkə arasında tam normallaşmaya nail olmaq üçün atıla biləcək digər mümkün konkret addımlar da müzakirə edilib və normallaşma prosesinin ilkin şərt olmadan davam etdirilməsi ilə bağlı konsensus əldə olunub.

Razılaşmanın müəyyən detallarının mahiyyəti bəzi suallar doğurur. Məsələn, razılaşmada sərhədlərin üçüncü ölkənin şəxslərinə açılmasından söhbət gedir. Bu nə deməkdir? Nə qədər önəmlidir ki, sərhədlər üçüncü ölkənin vətəndaşlarına açılır? Tərəflər razılaşıblar ki, havadan yükdaşınmalar mümkün qədər tez başlasın. Ümumən, Türkiyə ilə münasibətlərin yaxşılaşması tempi Ermənistanın 9 noyabr 2020-ci  il razılaşmasının icra sürətini üstələmir ki? Hamımız əminik ki, Zəngəzur dəhlizi açılmamış Türkiyə-Ermənistan münasibətləri normallaşa bilməz. O baxımdan belə bir əlamət görsənirmi ki, Ermənistan-Türkiyə normallaşması Azərbaycan-Ermənistan normallaşmasını hardasa sürət etibari ilə qabaqlamağa başlayıb? Belə bir narahatlıq üçün nə qədər əsas var?

  • “ABŞ sərhədlərin açılmasında xüsusi fəallıq göstərir və Ankaranı bu məsələdə tələsdirməyə çalışır”

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun fikrincə, prinsipcə, siyasətdə hər şey mümkündür: “Bəzən bizə mümkünsüz görünən, bir də görürsən ki, reallığa çevrilir. O baxımdan, nəzəri baxımdan belə bir halın baş verməsi mümkün görünür, amma praktiki baxımdan bu real görünmür. Çünki Azərbaycan-Türkiyə münasibətləri son bir neçə ildə keyfiyyət baxımından yeni müstəvidə inkişaf edir. Ötən il iki ölkə arasında müttəfiqlik sazişi imzalanıb. Müharibə vaxtı Türkiyənin birmənalı olaraq Azərbaycanın yanında yer alması qələbəmizdə mühüm rol oynadı. Qarabağın bərpasında Türkiyə şirkətləri yaxından iştirak edir. Bütün bu amilləri nəzərə alsaq Türkiyə-Ermənistan münasibətlərinin digər məsələləri önləməsi mümkünsüzdür. Düzdür, Ermənistan bütün vasitələrlə çalışır ki, ön şərt olmadan Türkiyə ilə sərhədlər açılsın. ABŞ da sərhədlərin açılmasında xüsusi fəallıq göstərir və Ankaranı bu məsələdə tələsdirməyə çalışır. Ancaq düşünmürəm ki, Ankara 9 noyabr üçtərəfli razılaşmanın təmin olunmasını nəzərə almadan buna getsin”.

Bir sözlə, partiya funksioneri narahatlığa elə bir əsas görmür.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər