Qırğızıstan-Tacikistan sərhədində iki ölkənin hərbçiləri arasında atışma baş verib. Baki-xeber.com xəbər verir ki, Qırğızıstanın cənubundakı Batken vilayətini iki yerə ayıran İsfara çayında yerləşən su paylama məntəqəsi iki ölkə arasında gərginliyə səbəb olub.
Məlumatlara görə, bölgədəki gərginlik su mənbəyinin onlara aid olduğunu iddia edən hər iki ölkədən olan insanlar arasında daş və zopalarla qarşıdurmadan sonra gərginləşib və ardınca silahı toqquşmaya səbəb olub. Belə ki, Qırğızıstan və Tacikistanın təhlükəsizlik qüvvələri sərhəddə atəş açmaqla öz vətəndaşlarına dəstək verməyə başlayıblar. Hər iki ölkə sərhəddə əlavə qüvvə toplamağa başlayıb.
Son məlumatlara görə, qarşıdurmalarda 1 nəfər ölüb, 17 nəfər yaralanıb.
Düşənbə Qırğızıstan tərəfinin bu hərəkətlərini Tacikistanla ikitərəfli müqavilələrin pozulması kimi qiymətləndirib. Qeyd olunub ki, 1924-1927-ci illərin, eləcə də 1989-cu ilin xəritələrinə uyğun olaraq, münaqişəyə səbəb olmuş “Qolovnoy” su paylama məntəqəsi tamamilə Tacikistan Respublikasına məxsusdur və 1968-ci ildən bəri Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarının sərhəd bölgələrinin suvarma və su təchizatı üçün istifadə edilir.
“İnterfaks” isə Qırğızıstanın Batken rayonu icra hakiminin müavini Marufxan Tulayevə istinadən xəbər verir ki, atəşi Tacikistan tərəfi açıb və bundan sonra qırğız sərhədçiləri cavab atəşi açıblar.
Qırğız Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsi də Tacikistan sərhədçilərini sərhəddə avtomat və minaatanlardan atəş açmaqda günahlandırıb. Ancaq Tacikistan Dövlət Təhlükəsizlik Komitəsi Qırğızıstan hərbçilərini Tacikistan sərhədçilərinə atəş açmaqda günahlandırıb.
Qırğızıstan Sərhəd Xidməti isə bildirib ki, ölkənin xüsusi təyinatlı qüvvələri Tacikistanın sərhəd postunu ələ keçirib. İddia edilir ki, Qırğızıstan əsgərləri sərhədi keçərək Tacikistan torpaqlarına giriblər.