18/07/2019 05:34
728 x 90

Hesablama Palatasının alınmış səlahiyyəti - praktikada hansı ziyanlı təsirlər aradan qaldırıldı

“Verilən qərar sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin maraqlarına uyğundur”

img

Hesablama Palatasının bir sıra səlahiyyətləri ləğv edilir. Bununla bağlı “Hesablama Palatası haqqında” Qanuna dəyişikliklər edilir. Belə ki, “Hesablama Palatası haqqında” Qanunun 6.0.2. bəndinə təklif olunan dəyişikliyə görə, qurum büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi və Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalar da daxil olmaqla, icmal büdcəsinin, o cümlədən, dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına dair rəy verəcək.

Buna qədər isə Hesablama Palatası büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi də daxil olmaqla, icmal büdcəsinin, o cümlədən, dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına dair rəy verib.

Ən başlıcası isə, təklif olunan digər dəyişikliyə görə, Hesablama Palatasının inzibati xətalar haqqında işlərə baxması və inzibati tənbeh tətbiq etməsi səlahiyyətləri ləğv edilir. Hazırda Palatanın qanunla nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxma və inzibati tənbeh tətbiqetmə hüququ var. Yeni dəyişikliklərdə isə bu hüquq ləğv edilir. Bu o deməkdir ki, artıq qurumun sözügedən məsələ ilə bağlı səlahiyyəti olmayacaq.

Maraqlıdır, Palatanın inzibati xətalar haqqında işlərə baxması və inzibati tənbeh tətbiq etməsi səlahiyyətlərinə malik olması hansı mənfi fəsadlar yaradıb? Sözügedən səlahiyyətin bu qurumun əlindən alınmasının əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?

  • Vamiq Şükürov: “Nəzarət edən qurum adətən inzibati xətalara baxdıqda, öz maraqlarına uyğun olaraq qərar qəbul edir”

Məsələyə münasibət bildirən hüquqşünas Vamiq Şükürov buna bir neçə kontekstdən yanaşdı. Onun fikrincə, verilən qərar sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin maraqlarına uyğundur: “Palata o inzibati xətalara baxırdı ki, xarici ünsürlü müqavilələr üzrə ölkədən xaricə göndərilmiş pul vəsaitləri 270 gün müddətində geri qaytarılmırdısa və yaxud da ondan gec müddətə qaytarılırdısa, qurum bu inzibati xətaya baxırdı. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb olunması işini məhkəmələrə göndərirdi. Məhkəmələrdə bu, sübut olunandan sonra isə sahibkarlıq subyektlərinə cərimələr yazılırdı. Hesablama Palatası əsasən bu işlərə baxırdı. Hüquqşünas olaraq dəfələrlə bunun şahidi olmuşam. Nəzərə almaq lazımdır ki, Palata maliyyə bazarlarına, sığorta şirkətlərinə nəzarət edən bir qurumdur. Görünür, bununla bağlı müvafiq işlərin öhdəsindən Palata yaxşı gələ bilməyib. Bir məqamı da nəzərə almaq lazımdır ki, nəzarət edən qurum adətən inzibati xətalara baxdıqda, öz maraqlarına uyğun olaraq qərar qəbul edir. Çünki nəzarət edən qurum çalışır ki, öz maraqlarına uyğun olaraq, bəzən qanunsuz olsa da, nəzarət etdiyi subyektlərə inzibati tənbeh tətbiq etsin. Daha dəqiq desək, bunda maraqlı olur. Ona görə də hesab edirəm ki, bu səbəbdən səlahiyyətlər Palatadan alınıb”.

Vidadi ORDAHALLI

Son xəbərlər