Müharibəni ədalətli və davamlı sülhlə tezliklə başa çatdırmaq Ukraynanın NATO-ya üzvlük prosesini asanlaşdıracaq.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk hava limanında jurnalistlərə açıqlaması zamanı deyib.
"Biz Vilnüs sammitini Ukraynadakı müharibənin qlobal sabitliyə və təhlükəsizliyə mənfi təsirini artırdığı bir vaxtda keçiririk. Bu kritik zamanda NATO coğrafiyasının müdafiəsi və təhlükəsizliyi ilə bağlı fikir mübadiləsi aparmaq üçün mühüm qərarlar qəbul edəcəyik. Alyansın çəkindirmə və müdafiə strukturunu gücləndirmək, başda Ukrayna olmaqla, tərəfdaşları dəstəkləmək üçün Madrid Sammitində qəbul etdiyimiz qərarları nəzərdən keçirəcəyik. Bu münasibətlə biz NATO və onun müttəfiqlərinin Ukraynaya dəstəyinin əlaməti olaraq yaradılmış NATO Ukrayna Şurasının ilk iclasını təşkil edəcəyik", - deyə Prezident Ərdoğan vurğulayıb.
Türkiyə prezidenti bildirib ki, müharibəni ədalətli və davamlı sülhlə tezliklə başa çatdırmaq Ukraynanın NATO-ya üzvlük prosesini asanlaşdıracaq.
"Madriddə biz alyansın müdafiə planlarını yeniləmək qərarına gəlmişdik və Vilnüs sammitində onların təsdiqini nəzərdə tuturuq", - deyə Ərdoğan əlavə edib.
Xatırladaq ki, iyunun 28-də Madriddə keçirilən NATO sammiti çərçivəsində Türkiyə, Finlandiya və İsveç arasında üçtərəfli memorandum imzalanıb, bundan sonra iki ölkənin NATO-ya qəbulu prosesinə rəsmən start verilib.
Qeyd edək ki, aprelin 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiqləyib.
Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokol 2022-ci il iyulun 5-də Brüsseldə imzalanıb.