Rusiya prezidenti Vladimir Putinin ən yaxın adamlarından biri olan Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, "Şimal axını" boru kəmərlərini hədəf alan hücumlara görə Qərb ölkələrini məsul tutaraq onları hədələyib.
Keçmiş prezident Medvedev Rusiyanın ABŞ və Avropada internet və rabitə xətləri üçün həyati əhəmiyyət kəsb edən yeraltı kabelləri kəsə biləcəyi ilə hədələyib.
O, Rusiyanın “düşmənin” rabitə infrastrukturunu hədəfə almaq hüququna malik olduğunu deyib: “Qərb ölkələrinin “Şimal axını”nı partlatdığına dair yeni dəlillər tapsaq, düşmənlərimizin okean dibində rabitə kabellərinin məhv edilməsindən çəkinməyəcəyik".
Qeyd edək ki, ötən il “Şimal axını”nda Rusiyadan Avropaya təbii qaz daşıyan iki böyük boruda baş verən partlayışlarla bağlı ziddiyyətli açıqlamalar verilmişdi. Kreml sızmanın Ukraynanın təxribatı nəticəsində baş verdiyini iddia edir, Kiyev isə bu ittihamı rədd edir.
NATO-nun kəşfiyyat xidməti daha əvvəl xəbərdarlıq etmişdi ki, Rusiya Qərbin Ukraynaya hərbi dəstəyinə cavab olaraq sualtı rabitə kabellərini kəsə bilər.
Tahir TAĞIYEV