Pərvanə Mustafayeva: “Abort zamanı bilərəkdən və ya bilməyərəkdən qadın sağlamlığına zərər vuran cəzalandırılmalıdır”
Azərbaycan selektiv abortların əhali sayına nisbətinə görə dünya ölkələri arasında liderlik edir. Bu isə o deməkdir ki, yaxın illərdə ölkəmiz ciddi problemlə - qadınların azlığı ilə üz-üzə qala bilər.
Əksər ailələr ikinci, üçüncü qız uşağını istəmirlər. Erkən hamiləlik dövründə uşağın qız olduğunu öyrənənlərin çoxu abort qərarı verir. Bu, əsasən 1 və 2 uşağı olan ailələrdə daha çox olur. Ölkəmizdə abort sayı artdığı üçün bu sahəyə nəzarət artırılır. Belə ki, qanunsuz abort zamanı şəxsin sağlamlığına ehtiyatsızlıqdan az ağır ziyan vuranlar 1 ilədək həbs ediləcək. Bu, Milli Məclisin mayın 16-da keçiriləcək iclasının gündəliyinə daxil edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda abortetmə və müvafiq ali tibbi təhsili olmayan şəxs tərəfindən abortetmə nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan az ağır ziyan vurulduqda iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
“Abort zamanı sağlamlığına zərər dəyən çoxlu sayda qadın var, bununla bağlı heç kim məsuliyyət daşımayıb, nə həkim, nə də tibb bacısı…”
Həkim-ginekoloq Pərvanə Mustafayeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, son zamanlar abortların sayı faciəvi şəkildə artır: “Abortlar sonsuzluğun əsas səbəblərindən biridir. Nəzərə almaq lazımdır ki, abort zamanı uşaqlıq və uşaqlıq boynu ciddi zədələnir, uşaqlıq qanaxmaları, xroniki, kəskin iltihabi xəstəliklər, aybaşı tsiklinin pozulması, sonrakı hamiləliklərin sona çatdırılmaması, hətta sonrakı hamiləliklərin baş tutmaması, sonsuzluğa qədər gətirib çıxara bilir. Abortlar mütləq həkim göstərişi ilə, dölün inkişafdan qaldığı müəyyən edilibsə, digər müəyyən səbəblər ortaya çıxıbsa, körpənin qüsurlu, müəyyən ağır xəstəliklə dünyaya gələcəyi müəyyən edilibsə, yaxud qadının həyatına real təhlükə varsa aparılmalıdır. Abortların qarşısını almaq üçün zamanla müxtəlif təkliflər səslənib, müzakirə edilib, ancaq fakt odur ki, bu gün ölkədə abort sayı günü-gündən artır. Plansız hamiləliklər ağır fəsadlara gətirib çıxarır. Danılmaz faktdır ki, abort zamanı sağlamlığına zərər dəyən çoxlu sayda qadın var. Bununla bağlı heç kim məsuliyyət daşımayıb, nə həkim, nə də tibb bacısı. Bilərəkdən və ya bilməyərəkdən qadın sağlamlığına zərər vuran cəzalandırılmalıdır. Ümumiyyətlə, abort elə olmalıdır ki, yalnız döldə qüsur olarsa, valideynin həyatı üçün təhlükə olarsa icra edilməlidir. Heç bir problem olmadığı halda abortun edilməsi düzgün deyil, valideyn təkid etsə belə, abort edilməməlidir”.
Günel CƏLİLOVA