Məlum olduğu kimi, Azərbaycanda taksi şirkətlərinin sayı qonşu ölkələrlə müqayisədə çoxdur. Onların arasında qeyri-qanuni fəaliyyət göstərənlər də var.
Qeyd edək ki, bu günlərdə İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə olunub. Həmin maddəyə əsasən, icazəsiz taksi sifarişi operatoru kimi fəaliyyət göstərənlər 40 min manat cərimələnəcək. Icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər 20 min manat, hüquqi şəxslər isə 40 min manat cərimə ediləcək. Bu qərar taksi sürücüləri və şirkətləri arasında narazılığa səbəb olub.
“İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, icazəsiz fəaliyyət göstərən taksi sifarişi operatorları 20-40 min arasında cərimə olunacaq”
Nəqliyyat eksperti Aslan Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hər hansı bir vətəndaş və ya əcnəbi şəxs Azərbaycan ərazisində kapital qoyuluşu edə bilər, sərmayə yatıra bilər: “Bu hər bir sahəyə aiddir. Sadəcə, bu işlə məşğul olanlar rəsmi şəkildə qeydiyata alınmalıdır. Məlumat üçün deyim ki, ölkə başçısı İlham Əliyev məlum məsələ ilə bağlı dəfələrlə sərəncam və fərmanlar imzalayıb. Hansısa şirkət ölkəmizdə fəaliyyət göstərmək istəyirsə qeydiyyatdan keçməli, vergi verməli, bəyannamələri qəbul etməlidir. Onu da deyim ki, bu kimi xidmətlər onlayn şəkildə belə həyata keçirilə bilər. İcazəsiz dedikdə, aidiyyəti qurumlardan icazə kağızı almayıb fəaliyyət göstərmək nəzərdə tutulur. Taksi şirkətləri hüquqi fəaliyyətlə məşğul olmaq istəyirlərsə mütləq icazə sənədi almalıdırlar. Əks halda onlar qanuna müvafiq qaydada cərimələnəcək”.
Günel CƏLİLOVA