Bakının Binəqədi rayonunda salınan yeni massivdəki sakinlər ərazilərində məktəb olmamasından şikayətçidir. Sakinlər qeyd edir ki, övladları məktəbin yoxluğu səbəbindən digər qəsəbənin təhsil ocağına getməli olur. Həmin məktəbə getmək üçün isə 5 kilometrdən çox yol qət etmək lazımdır.
Sakinlər onu da qeyd edir ki, əvvəl məktəb üçün torpaq sahəsi ayrılsa da, sonradan başqasına satılıb. Bu səbəbdən də qəsəbə sakinləri məktəb sarıdan əziyyət çəkir: “Məktəbin ərazidə deyil, qonşu qəsəbədə olması həm vaxt, həm də maddiyat baxımından sərfəli deyil. Uşaqlar yolda vaxt itirir. Məktəbin inşası üçün torpaq sahəsi ayrılsa da, sonradan məlum oldu ki, həmin torpaq satılıb”.
Biləcəri Bələdiyyəsi: “Qeyd edilən ərazi üzrə məktəb, bağça tikintisi dövlət proqramına salınmayıb”
Məsələ ilə bağlı Biləcəri Bələdiyyəsindən “Bakı-Xəbər”ə bildirildi ki, həmin ərazidə məktəb tikintisi üçün torpaq sahəsi ayrılmayıb: “Biləcəri bələdiyyəsi tərəfindən 2000-ci ildən 2007-ci ilədək qeyd edilən ərazidə məktəb tikintisi üçün torpaq sahəsi ayrılmayıb. Qanunvericiliyə əsasən, 2007-ci ilin 1 dekabr tarixindən etibarən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracı və ya müsabiqəsi yolu ilə əldə edilə bilər. Bakı şəhəri üzrə hərrac və müsabiqə keçirilmədiyindən hər hansı bir təyinat üzrə torpaq sahəsinin ayrılması, satılması mümkünsüzdür”.
Bələdiyyədən o da bildirildi ki, qeyd edilən ərazi üzrə məktəb, bağça tikintisi dövlət proqramına salınmayıb.
Nizami Hüseynov: “Yaşayış massivlərində, əhali sayının çox olduğu yerlərdə təhsil ocaqlarının olması vacibdir”
Təhsil ekspert Nizami Hüseynov qeyd etdi ki, təhsildə əsas məqsəd təhsilalanların bilik, savadının artırılması və onlara vərdişlərin öyrədilməsidir. Danılmaz faktdır ki, bu gün bölgələrdə, ucqar ərazilərdə məktəb çatışmazlığı yaşanır: “Təbii ki, siniflərdəki sıxlıq şagirdlərin bilik səviyyəsinin aşağı düşməsinə səbəb olur. Halbuki, təhsil müəssisələrində dərslər elə təşkil edilməlidir ki, biliyin şagirdə ötürülməsi maksimum həddə çatsın. Yaşayış massivlərində, əhali sayının çox olduğu yerlərdə təhsil ocaqlarının olması vacibdir”.
Günel CƏLİLOVA