Azərbaycanda şagirdlərə tətbiq ediləcək məhdudiyyətlər milli dəyərlər baxımından da pis görünmür...

Sovet dövründə şagirdlərin geyimləri ilə yanaşı, onların saç düzümlərinə də ciddi nəzarət edilirdi. Oğlanların və qızların saç düzümləri klassik formada olmalı idi. Həmin dövrdəki ciddi nəzarətin nəticəsi idi ki, saçlarını açıq formada qoyan, mövcud standartlarda məktəbə gəlməyən şagirdlərin, alınlarını telləri ilə örtən qızların məktəb binasına daxil olmasına icazə verilmirdi.
Lakin son dövlərdə bu sahədə nəzarətin zəifləməsi nəticəsində şagird qızlar məktəbliyə yaraşmayan saç düzümləri, rəngli uzun dırnaqlar, oğlanlar isə uzun saqqallı formada məktəb binasına daxil ola və dərslərdə iştirak edə bilirlər. Bu da cəmiyyətdə narazılığa səbəb olurdu.
Elə bu səbəbdən də Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” hazırlanıb. Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları ilə bağlı çərçivəni müəyyən edəcək sənəddə müxtəlif məqamlar yer alsa da, daha çox maraq doğuran şagirdlərə geyim və xarici görünüşlə bağlı qoyulan qadağalardır.
Qaydalarda qeyd olunur ki, şagirdlər şəxsi gigiyena qaydalarına riayət etməli, dərs zəngindən əvvəl üst geyimi (palto, papaq, kapüşonlu jaket və s.) çıxarmalı, ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarına aid qaydalara riayət etməli (məktəbli forması, ayaqqabı və s.), geyim səliqəli və təmiz olmalı, uzunluğu çiyindən aşağı olan saçları səliqəli şəkildə arxadan toplamalı, fiziki tərbiyə dərsləri üçün məktəbin geyim qaydalarına riayət etməlidirlər.
Şagirdlərə tətbiq olunan qadağalar bunlardır: çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj və saqqal.
Qeyd edək ki, bu qadağa milli dəyərlər baxımından müsbət qarşılanır.
- “Saç, geyim, makiyaj forması ilə əlaqədar problem daha çox yetkinlik yaşına çatan 9-11-ci sinif şagirdləri ilə bağlı yaranır”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, liberal təhsildə təhsilalanlara azadlıq verilməlidir. Amma orta məktəblərdə ümumi işin xeyrinə şagirdlərin geyimlərinə, sac düzümlərinə diqqət yetirilməli və onlarla bağlı müəyyən məhdudiyyətlər qoyulmalıdır: “Orta məktəblərdə vahid geyim formasından istifadə edilirsə, onda sac düzümünə, saqqala də hansısa məhdudiyyət, sədd qoyulmalıdır. Əgər məktəblilərin sərbəst geyim forması olsa idi, onda onların saç düzümləri, makiyaj da sərbəst olardı. Geyimə məhdudiyyət qoyulursa, vahid forma geyimi tətbiq olunursa, onda sac düzümü də bu məntiqə uyğun olmalıdır”.
Sosioloqun sözlərinə görə, saç, geyim, makiyaj forması ilə əlaqədar problem daha çox yetkinlik yaşına çatan 9-11-ci sinif şagirdləri ilə bağlı yaranır: “Qızlar saç düzümlərini məktəbliyə uyğun olmayan formada edirlər. Oğlanlar arasında da məktəbli üçün uyğun olmayan müxtəlif sac düzümlərinin edilməsi halları artıb. Bu da məktəbdə təlim-tərbiyə işlərinin qurulmasında əlavə problemlər yaradır. Məktəblinin saç düzümü, geyimi, görünüşü sadə olmalı, oğlanlarda saçın uzunluğu 4-5 sm-dən artıq olmamalı və klassik formada olmalıdır. Qızların saçları isə hər hansı stildə deyil, sadə formada yığılmalı, xüsusi bəzəklərdən istifadə edilməməlidir. Hazırda bu bəzəklərdən çox istifadə edilir. Təəssüf ki, buna çox hallarda valideynlər özləri rəvac verirlər. Valldeyn qızını məktəbə yola salarkən onun sacına, geyiminə diqqət yetirməlidir. Məktəbə oxumağa gələn qızın üzündə makiyaj olmamalıdır. Buna xüsusi nəzarət edilməlidir”.
Günel CƏLİLOVA