Moskvada Stalinə abidə qoyuldu - Kremlin örtülü mesajları...

İlyas Hüseynov: “Hazırda Stalinin ideallaşdırılması yönündə bir sıra işlər görülür”
Məlum olduğu kimi, Moskva metrosunun “Taqanskaya” stansiyasında İosif Stalinin təsvir olunduğu yenidən yaradılmış barelyefin açılışı olub. Bu barelyefin açılışının ideoloji jest olduğu ortaya çıxdı, burada əsas məsələ tarixi memarlıq görkəminin bərpası deyil.
Maraqlıdır, hazırda Rusiyada Stalinin heykəlinin yenidən bərpası, bu mövzuya yenidən qayıdış nə deməkdir? Adıçəkilən barelyefin açılışı ilə keçmiş SSRİ xalqlarına, Azərbaycana hər hansı bir mesaj ötürülürmü?
“Stalinin şərəfinə abidələrin, barelyeflərin yaradılması daha çox daxili auditoriyaya yönəlib, bununla həmrəylik mesajı ötürülür”
Siyasi şərhçi İlyas Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Rusiya-Ukrayna müharibəsinin başlaması ilə ideoloji həmrəylik gücləndi. Həmçinin, Rusiya dövlətinin apardığı siyasətin doğruluğuna nail olmaq üçün bir sıra addımlar şərt kimi qoyulub: “Burada 9 May Qələbə günü, Rusiyanın imperiya maraqları, Sovet İttifaqının tarixinin daha dərindən öyrənilməsinə önəm verilir. Bu, vətənpərvərlik hisslərinin məhkəmlənməsi və informasiya təbliğatında özünü göstərir. Müxtəlif şəxsiyyətlərin ideallaşdırılması, onların kult səviyyəsində ifadə olunması siyasəti icra olunur. O cümlədən, uzun müddətdir ki, Rusiyada Stalinə rəğbət aşılanır. Bu da hazırkı prezident Vladimir Putinin həmrəylik və birləşdirici siyasətinin göstəricisidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, hazırda Stalinin ideallaşdırılması yönündə bir sıra işlər görülür: “Belə ki, aeroportların, şəhərlərin, metrostansiyaların adlandırılmasında Stalinin adı adlanır, onun şərəfinə barelyeflərin, büstlərin qoyulması siyasəti icra olunur. Bununla da böyük informasiya siyasəti formalaşdırılır. Hesab edirəm ki, Stalinin barelyefinin qoyulması ilə Sovet ölkələrinə elə də önəmli mesaj ötürmür. Nəzərə almaq lazımdır ki, həmin ölkələr 30 ildir müstəqilliyə qədəm qoyub. Bu səbəbdən də ölkələr üçün bu elə də önəm daşımır. Stalinin şərəfinə abidələrin, barelyeflərin yaradılması daha çox daxili auditoriyaya yönəlib. Bununla həmrəylik mesajı ötürülür”.
Günel CƏLİLOVA