İran molla rejiminin uşaqları döyüşlərə cəlb etdiyini sübuta yetirən foto ortaya çıxıb. Bu barədə “Azad İran” teleqram kanalı məlumat verib. Qeyd edək ki, bu foto SEPAH-ın Qüds qanadının öldürülmüş komandanı Qasım Süleymaninin müharibədə uşaqlardan istifadəsini sübut edən sənəddir.
Onu da bildirək ki, SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı general Əmir Əli Hacızadə etiraf edib ki, İran-İraq müharibəsində ölənlərin 20 faizi məktəblilər olub.
İranda döyüşlərdə məktəblilərdən istifadə olunması və bunun etiraf olunması bir daha sübut edir ki, adıçəkilən ölkədə uşaq hüququ və beynəlxalq normalar sərt şəkildə pozulur.
"İranda uşaqların hərbi əməliyyatlarda iştirak etməsi o ölkə üçün normaldır, düşünürlər ki, məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə edə bilərlər"
Siyasi şərhçi Mətin Məmmədli "Bakı - Xəbər" ə açıqlamasında qeyd etdi ki, İrandakı mövcud rejim göstərir ki, burda uşaq hüquqları kobud şəkildə pozulub. Son 44 il ərzində İranda keçirilən hərbi əməliyyatlarda uşaqlardan istifadə olunub və olunur. Bu danılmaz faktdır: "Bu günlərdə məktəblilərin döyüşdə iştirakı ilə bağlı yayılmış foto və SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı general Əmir Əli Hacızadənin etirafı bir daha sübut edir ki, hərbi əməliyyatlarda uşaqlardan istifadə olunur. Təbii ki, bu həm İran qanunvericiliyinən, eyni zamanda, beynəlxalq hüquq normalarına və müharibə qaydalarına belə ziddir. Həmçinin, məktəblilərin döyüşdə iştirakı Cenevrə konvensiyasının pozulmasına səbəb olur. İran məktəbliləri hərbi əməliyyatlara cəlb etməklə təkcə Cenevrə Konvensiyasının müvafiq bəndlərini deyil, eyni zamanda, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il 44-cü sessiyasında qəbul edilən Uşaq Hüquqları haqqında Konvensiyanın 38-ci maddəsini də kobud şəkildə pozur. İranın uşaqları hərbi əməliyyatlara açıq şəkildə cəlb etməsi bir daha onu göstərir ki, bu dövlət heç bir beynəlxalq hüququn prinsiplərinə hörmət etmir və özünün beynəlxalq öhdəliklərinə belə etinasız yanaşır".
Ekspert hesab edir ki, İranda uşaqların hərbi əməliyyatlarda iştirak etməsi o ölkə üçün normaldır. Düşünürlər ki, məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə edə bilərlər. Yayılmış son görüntülər İrandakı mövcud rejimin mahiyyətini təsdiq edən faktdır. Eyni zamanda, İran rejiminin sivil dünyadan uzaq olduğunu bir daha sübut edir".
Günel CƏLİLOVA