Aydın Xan Əbilov: “İncəsənət, sənət, audiovizual sahələrdə müəllif və rəqəmsal hüquqlar bütün dünyada çox ciddi cəhdlə qorunur”
Məlum olduğu kimi, Azərbaycan mahnılarının müsiqilərini popuri şəklində qarmonda ifa edərək erməni mahnısı kimi təqdim edən qarmon ifaçısı Gagik Stepanyanın ifaları “YouTube”dan silinib.
Əqli Mülkiyyət Agentliyinin yaydığı məlumatda qeyd edilir ki, erməni qarmon ifaçısı Gagik Stepanyan “Bəs nə deyim”, “Ay bəri bax”, “Niyə yox deyirsən” və “Güman yeri var” Azərbaycan mahnılarının müsiqilərini popuri şəklində qarmonda ifa edərək erməni mahnısı kimi təqdim edib və “YouTube” səhifəsində yerləşdirib. G.Stepanyan mahnıların adlarını və onların müəlliflərinin adlarını qeyd etməyib: “Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) texniki yardımı ilə erməni qarmon ifaçısı Gagik Stepanyanın ifası “YouTube”un qeyd edilən səhifəsindən silinib”.
“Əqli Mülkiyyət Agentliyi çoxsaylı tədbirlər keçirərək, folklor nümunələrimizi qorumaqla bağlı müəyyən işlər görür”
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananin təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, incəsənət, sənət, audiovizual sahələrdə müəllif və rəqəmsal hüquqlar bütün dünyada çox ciddi cəhdlə qorunur: “Məsələn, Amerikada Youtube-da mahnının pullu və pulsuz varianı var. Həmin mahnı internetdən endirilən zaman müəllif hüquqları ilə tənzimlənən qayda var. Belə ki, mahnı endirilən zaman müəllifə müəyyən məbləğdə vəsait köçürülməlidir. Bu edilməsə, şəxs ölkədən kənara çıxa bilməz, çünki ona aidiyyəti qurumlar STOP qoyur. Yığılmış borc və onun üzərinə gələn faiz ödənilərsə STOP aradan qalxır”.
Həmsöhbətimizin dediyinə görə, Sovet dönəmində Azərbaycanda müəllif hüquqları qorunurdu. Sonra mərhum prezident Heydər Əliyevin sərəncamı ilə Əqli Mülkiyyət Agentliyi yaradıldı: “Beləliklə, Azərbaycan müəlliflərinin hüquqları həm ölkə daxilində, həm də xaricdə müdafiə olunmağa başladı. Ermənistanda yaşayan şəxslər və başqaları Azərbaycan musiqilərini müxtəlif formada dünyada yaymağa çalışdılar. Əqli Mülkiyyət Agentliyi isə çoxsaylı tədbirlər keçirərək, folklor nümunələrimizi qorumaqla bağlı müəyyən işlər görür. Ermənilər Azərbaycan musiqisini götürüb, öz aləmlərində nəsə yaratmaq istədilər. Ancaq Azərbaycanın aidiyyəti qurumları bu işdə fəal çalışır. Onlar Azərbaycan bəstəkarlarının, şairlərinin, müğənnilərin hüquqlarını beynəlxalq aləmdə yaxşı qoruyur”.
Günel CƏLİLOVA