Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şəkinin Talalar kənd sakini, əvvəllər məhkum olunmuş Muxtar Mustafayev saxlanıb. Şəxsi axtarış zamanı M. Mustafayevdən 0, 38 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Ətrafında aparılan araşdırmalarla M. Mustafayevin rayonun Mahamalar kənd qəbiristanlığının ərazisində gizlətdiyi təmiz çəkisi 292 qrama yaxın qurudulmuş marixuana da aşkar edilərək maddi sübut kimi götürülüb.
Balakən RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Abdulla Qallacov saxlanılıb. Onun üzərinə və avtomobilinə baxış keçirilən zaman ümumi çəkisi 7,87 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunub. Ətrafında aparılan araşdırmalar zamanı onun Kortala kəndi ərazisində əkib-becərdiyi ümumi çəkisi 132,52 qram olan çətənə bitkisinin hissələri də aşkar edilərək götürülüb.
Digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən şəhər sakini Rövşən Nəsibov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 7,16 qram qurudulmuş marixuana aşkarlanıb. R. Nəsibovun yaşadığı evə baxış keçirilən zaman oradan 4 ədəd çətənə bitki kolları aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Masallı rayon sakini K.İbişov fevralın 25-də Neftçala rayon sakini S.Panəliyeva tərəfindən aldadılaraq 20 manatının alındığını bildirib.
Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və dələduzluq etməkdə şübhəli bilinən S.Panəliyeva polis əməkdaşları tərəfindən saxlanıb, törətdiyi əməli etiraf edib.
Polis əməkdaşları tərəfindən onun digər analoji əməllərinin də üstü açılıb. Belə ki, S.Panəliyevanın işə düzəltmək adı ilə 50-yə yaxın vətəndaşı aldadaraq hər birindən 20 manat pul aldığı müəyyən edilib.
Araşdırma aparılır.
Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Aşağı Tala kənd sakini martın 2-də evinin həyətyanı sahəsindən 7 kisə fındığın oğurlanması barədə məlumat verib.
RPŞ əməkdaşlarının “isti izlərlə” keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu edən şəxs müəyyən olunub və şübhəli şəxs qismində saxlanaraq Polis Şöbəsinə gətirilib. Ətrafında aparılan araşdırmalar zamanı onun Zaqatala rayon sakini, 29 yaşlı Mühiddin Tahirov olduğu müəyyən edilib. Dindirilmə zamanı M. Tahirov ümumi çəkisi 210 kq olan 7 kisə fındığı oğurladığını etiraf edib.
Faktla bağlı araşdırma aparılır.