Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş 1960-cı il təvəllüdlü Nurəddin Zəkiyev saxlanaraq ərazi üzrə polis bölməsinə gətirilmiş və üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən politelen sellofana bükülmüş 154.06 qram çəkidə narkotik vasitə olan “heroin” aşkar olunaraq götürülüb.
İlkin dindirilmə zamanı N.Zəkiyev narkotik maddəni Gəncə şəhərinə satmaq üçün gətirdiyini etiraf edib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Nəqliyatda Baş Polis İdarəsi əməkdaşlarının Suraxanı dəmir yolu stansiyası ərazisində keçirdiyi əməliyyat tədbiri nəticəsində qanunsuz silah gəzdirməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Hüseynov saxlanıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəllər quldurluq, xuliqanlıq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Hüseynovdan nömrəsi silinmiş “Naqan” tipli tapança və 2 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.
Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon ərazisində marşrut avtobuslarında əsasən qadınların çantalarından pul, sənəd, bankomat kartları və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb.
Polis əməkdaşları tərəfindən onun əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Biləsuvar rayon sakini Ə.Həsənov olduğu müəyyən edilib.
Araşdırmalar aparılır.