Fevralın 18-də saat 21 radələrində Sumqayıt ərazisindən şəhər sakini A.Seyidovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi, həkimlərin səyinə baxmayaraq orada ölməsi barədə şəhər Polis İdarəsinə məlumat daxil olub. Bununla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Faktla bağlı cinayət işi başlanıb.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş B.Həsənov saxlanıb.
Fevralın 18-də polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 2,2 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Salyan rayon sakini E.Soltanovun Yeni Günəşli qəsəbəsi ərazisidə kirayədə yaşadığı mənzildə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 408 qrama yaxın marixuana və metamfetamin aşkar edilərək götürülüb.
Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ç.Hacıyevin evində keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 1,8 kiloqrama yaxın heroin götürülüb.
Hər iki faktla bağlı cinayət işi başlanıb. İstintaq aparılır.
Fevralın 17-də saat 23 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində piyadanın ölümü ilə nəticələnmiş yol qəzası barədə 38-ci Polis Bölməsinə məlumat daxil olub.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla qəsəbə sakini N.Şahverdiyevanın yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulduğu məlum olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Niva” markalı avtomobillə törədildiyi müəyyən edilib. Qəzanı törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Qızıldaş qəsəbə sakini V.Qasımov polis əməkdaşları tərəfindən saxlanıb.
Araşdırma aparılır.
Yanvarın 26-na keçən gecə paytaxtın Nərimanov rayonunun F.Yusifov küçəsindəki gözəllik salonlarının birindən 8000 manat pul və 7000 manat dəyərində süni saçların oğurlanması barədə 17-ci Polis Şöbəsinə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Ə.Quliyev saxlanıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.