Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşlarının əllərdə qanunsuz saxlanan odlu silah-sursatın aşkar edilməsi məqsədilə həyata keçirdiyi tədbir nəticəsində Masallı rayon sakini Emin Sadıqov polislər tərəfindən şübhəli şəxs qismində Atatürk prosspektində saxlanıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd atəşə yararlı Belçika istehsalı olan “Browning” markalı tapança və həmin silaha məxsus 3 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb.
E.Sadıqov barəsində 16-cı Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Artıq faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, saxlanan şəxs barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 21 yaşlı Oktay Əliyevin yaşadığı mənzilə baxış keçirilən zaman oradan 1 ədəd 16 kalibirli lüləsi kəsilmiş “TOZ” markalı odlu ov silahı, 2 ədəd 16 kalibirli patron və 2 ədəd qara rəngli dəmir “beşbarmaq” aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.