Fevralın 14-də həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 8 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 1,1 kiloqramdan artıq heroin, 6,7 kiloqramdan çox marixuana, həmçinin 150 ədəd çətənə kolu götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Saxlanan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri aparılır.
Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında Binə qəsəbə sakini C.Mecidova məxsus həyətyanı sahədə əməliyyat-axtarış tədbirləri həyata keçirib.
Polis əməkdaşları tərəfindən oradakı istixanadan kultivasiya yolu ilə yetişdirilmiş 150 ədəd çətənə kolu və çəkisi 5,1 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinən əvvəllər də məhkum olunmuşlar - Bakı şəhər sakini C.Seyidbəyov və Masallı rayon sakini M.Salayev saxlanıb.
Polis əməkdaşları C.Seyidbəyovdan 10 qramdan artıq tiryək, M.Salayevdən isə çəkisi 1 kiloqram 50 qram heroin aşkar edərək götürüb.
Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Y.Səmədov saxlanıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən saxlanılan şəxsin evində də narkotik vasitə saxlaması müəyyən edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun qəsəbə ərazisindəki evindən əlavə olaraq 1,6 kiloqram marixuana da aşkar edilərək götürülüb.
Xəbər xidməti