16/10/2019 14:18
728 x 90

Vüqar Gülməmmədov beynəlxalq konfransda nələri dedi?

img

“Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda təşkil edilmiş elmi-praktik konfransda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Kölgə iqtisadiyyatı ilə mübarizədə ali audit orqanlarının rolu” mövzusunda çıxış edib. Çıxışdan xülasəni təqdim edirik:

- Kölgə iqtisadiyyatı ictimai həyatın bütün sferalarına təsir göstərmək iqtidarında olan bir iqtisadi fəaliyyətdir. Bu təsir dövləti, müəssisələri, vətəndaşları əhatə edir və ümumilikdə dövlətin iqtisadi gücünə mənfi təsir etməklə yanaşı, ölkədə həyat səviyyəsini dəyişdirir. Bu fəaliyyət dövlət büdcəsi gəlirlərini mövcud potensialdan əhəmiyyətli kənarlaşdırmaqla, mümkün xərc istiqamətlərini, xüsusilə də investisiya imkanları və dövlətin sosial funksiyalarını məhdudlaşdırır. Beynəlxalq təcrübə göstərir ki, bütün dövlət üzrə konsolidə edilmiş maliyyə hesabatlarının tərtibi ölkənin real vəziyyətini təsvir etməklə dövlət resurslarının idarə edilməsi üzrə uzunmüddətli dövr üçün daha tarazlı qərar qəbul edilməsinə imkan yaradır. Bu baxımdan bu tip hesabatların tərtibi vacib və əhəmiyyətli məsələdir. Lakin hal-hazırda ölkəmizin büdcə qanunvericiliyi sözügedən maliyyə hesabatlarının tərtib olunmasını nəzərdə tutmur. Qeyd edim ki, təkcə dövlət sektoru üçün deyil, eyni zamanda, yalnız dövlət büdcəsindən maliyyələşən orqanların ümumiləşdirilmiş maliyyə hesabatlarının da konsolidasiyası aparılmır. Büdcə qanunvericiliyi ilə bağlı normativ-hüquqi bazanın qeyri-təkmil olması, mühasibat uçotu və maliyyə hesabatları ilə bağlı islahatların başa çatmaması və bu sahədə müntəzəm şəkildə qaydaların yenilənməsi, maliyyə hesabatlarının tərtibi ilə bağlı resursların və təcrübənin çatışmazlığı hesabatların konsolidə edilməsində əsas manelərdəndir. Eyni zamanda, büdcə vəsaitlərinin ayrı-ayrı istifadəçilərinin maliyyə hesabatlarının və konsolidə olunmuş maliyyə hesabatlarının auditi ilə bağlı inzibati resursların məhdudluğu və bu auditdə təcrübə azlığı Hesablama Palatası tərəfindən səlahiyyətlərinin yerinə yetirilməməsi sahəsində ciddi çağırışlardır. Qeyd edilənlər, həmçinin maliyyə hesabatlarının auditinin keyfiyyətinə də mənfi təsir göstərir. Hesablama Palatası daxili nəzarət sisteminin mövcud olduğu qurumların bir çoxunda bu sistemin tam formalaşdırılmadığını, həmçinin zəif fəaliyyətini aşkarlayır. Belə ki, eyni dövr üzrə aparılan auditlər zamanı aşkar edilən nöqsanlar daxili nəzarət sisteminin aşkar etdiyi nöqsanları həm say, həm çeşid, həm də məbləğ nöqteyi-nəzərindən dəfələrlə üstələyir.

Son xəbərlər