Rusiyanın imtina etdiyi aqrar məhsullarımızın yeni bazarı...

Akif Nəsirli: “Azərbaycan daha başqa alternativ bazarlara çıxış imkanlarını axtarıb tapmalıdır ki, Rusiya bazarından asılılığı aradan qaldırsın”
Yekaterinburq hadisəsindən sonra Rusiya və Azərbaycan arasında gərginlik özünü bir sıra sahələrdə göstərməyə başlayıb. Son günlər qarşı tərəfin media orqanlarında kənd təsərrüfatı məhsullarının ixracatı ilə bağlı müxtəlif məlumatlar yer alır.
Moskva ticarət əlaqələrini siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Bu isə ikitərəfli iqtisadi əlaqələrin nə qədər həssas və asılılıq üzərində qurulduğunu ortaya qoyur.
Azərbaycanda aqrar məhsul ixracında Rusiya bazarından asılılığın azaldılması üçün hansı konkret addımlar atılmalıdır?
“Azərbaycanda istehsal olunan aqrar məhsulların daha geniş bazara yol açması üçün həmin məhsullar Avropa standartına uyğunlaşdırılmalıdır”
Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı digər məhsulların ixracından fərqlənir: “Bizim istehsal etdiyimiz aqrar məhsullar yalnız Rusiya bazarını hədəf götürüb. Həmin məhsulların diversifikasiya imkanları məhduddur: “Rusiyaya ixrac etdiyimiz məhsulları Avropaya göndərə bilmərik. Çünki Avropada daha yüksək standartlı məhsullara tələbat var. Bu səbəbdən də biz Rusiya bazarlarına məhkumuq. MDB ölkələrindən başqa digər bazarlar bizim məhsulları qəbul etmir. Çalışmaq lazımdır ki, Rusiyaya göndərilən məhsullar digər MDB ölkələrinə də göndərilsin”.
Həmsöhbətimiz hesab edir ki, Azərbaycanda istehsal olunan aqrar məhsulların daha geniş bazara yol açması üçün həmin məhsullar Avropa standartlarına uyğunlaşdırılmalıdır: “Elə etmək lazımdır ki, Rusiyaya ixrac olunan məhsullar qəbul olunmursa, həmin meyvə-tərəvəzi Avropaya və ya digər dünya ölkələrinə göndərə bilək. Bunun üçün məhsulun keyfiyyəti yüksəldilməlidir. İlk olaraq məhsula verilən gübrə çox olmamalıdır. Gübrə norma daxilində olmalıdır. Indiki standartlarla istehsal olunan məhsulu yalnız Rusiya bazarına çıxara bilərik. Daha geniş bazarlara çıxmaq istəyiriksə məhsulların keyfiyyət standartı dəyişməlidir. Ümumiyyətlə, Azərbaycan daha başqa alternativ bazarlara çıxış imkanlarını axtarıb tapmalıdır ki, Rusiya bazarından asılılığı aradan qaldırsın”.
Günel CƏLİLOVA