
Milli Məclisin deputatı Rüfət Quliyev İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin son iclasında çıxışında banklarda tranzaksiya faizinin yüksək olması ilə bağlı iradlarını bildirib. Onun sözlərinə görə, 1,5-2%-dən çox olduğu üçün insanları incidir.
O qeyd edib ki, banklarda standart tranzaksiya faizi 0,5% olmalıdır. Maraqlıdır, banklarda pul köçürmələri ilə bağlı faizlər niyə yüksəkdir? Banklar standart tranzaksiya faizinin 0,5% faiz olmasına niyə razı olmur?
- Əkrəm Həsənov: “Qanunvericiliyə görə, banklar pul köçürmələri ilə bağlı faizləri özləri müəyyən edir, onlar komissiya haqlarını təyin etməkdə sərbəstdir”
Iqtisadçı Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qanunvericiliyə görə, banklar pul köçürmələri ilə bağlı faizləri özləri müəyyən edir: “Onlar komissiya haqlarını təyin etməkdə sərbəstdir. Banklar bəzi müştərilərinə güzəşt edir, bəzilərinə isə standart qiymət tətbiq edir. Məlumat üçün deyim ki, xarici ölkələrdə də banklarla bağlı vəziyyət eynidir. Belə ki, xarici ölkələrdə də komissiya haqqı yüksəkdir. Bu səbəbdən də dövlətin qeyd edilən sahəyə müdaxiləsi mümkünsüzdür. Danılmaz faktdır ki, bu gün banklar istehlak kreditlərinin faizindən gəlir əldə edir. Ancaq xaricdə banklar pul köçürmələrdən daha çox qazanc əldə edir”.
Ekspert hesab edir ki, bu sahədə rəqabət olmalıdır. Müştərilərin özləri seçim etməlidir. Ümumiyyətlə, bu sahəyə bazar iqtisadiyyatı prinsipi ilə fundamental baxılmalıdır: “Heç kim istəməz ki, banka gedəndə çox pul ödəsin”.
- Kamran Məmmədli: “Son zamanlar tranzaksiya faizləri daha da artıb”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bir sıra qonşu ölkələrdə artıq bu məsələlər tənzimlənib. İstənilən bank kartlarından digərinə əməliyyatlar pulsuz, ya da cox az sabit komissiya ilə icra olunur. Ancaq bizdə vəziyyət fərqlidir: “Ümumiyyətlə, son zamanlar tranzaksiya faizləri daha da artırıb. Əvvəllər bəzi banklar arasında kredit ödənişləri ilə bağlı köçürmələrdə faizlər bu qədər yüksək deyildi. Çalışmaq lazımdır ki, faizlər qaldırılmasın və ciddi şəkildə differensasiyaya uğramasın”.
Günel CƏLİLOVA