Əkrəm Həsənov: “Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı fəaliyyəti aktiv deyildi”

Məlum olduğu kimi, Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycandakı ofisini 2023-cü ilin iyun ayının sonunda bağlamaq haqqında qərar qəbul edib. Fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentindən Azərbaycanın Maliyyə Nazirliyinə ünvanlanmış məktubda belə bir qərarın verilməsinin səbəbi Azərbaycanın güclü iqtisadiyyata və maliyyə ehtiyatlarına malik olması və yaxın gələcəkdə ölkəmizlə BVF arasında proqram xarakterli əməkdaşlığın gözlənilməməsidir.
BVF-in Bakı ofisinin yaydığı məlumatda da qeyd edilir ki, BVF yaxın gələcəkdə Azərbaycanla hər hansı kredit sazişinin imzalanmasını proqnozlaşdırmır: “Adətən ölkədə ofisin saxlanılma səbəbi bu olur”.
Maraqlıdır, BVF-nin belə bir qərar verməsi Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? Ümumiyyətlə, Azərbaycanın BVF-yə ehtiyacı var?
“Beynəlxaq Valyuta Fondunun nümayəndəliyinin bağlanması o demək deyil ki, Azərbaycan tərəfi bu fondla əməkdaşlığa son verəcək”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bildirdi ki, BVF-nun Azərbaycan ofisinin bağlanması gözlənilirdi. Bu qərar çox gecikib: “Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı fəaliyyəti aktiv deyildi. Bu fondun 1990-2000-ci illlərin əvvəllərinə kimi Azərbaycanda fəaliyyəti aktiv idi. Beynəlxalq Valyuta Fondu müəyyən sahələr üzrə məsləhətlər verirdi, amma son illərdə onun fəaliyyəti hiss edilmirdi.
Ancaq Beynəlxaq Valyuta Fondunun nümayəndəliyinin bağlanması o demək deyil ki, Azərbaycan tərəfi bu fondla əməkdaşlığa son verəcək. İndiki dövrdə nəinki Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq təşkilatların, hətta dövlətlərin bir-birində səfirliklərinin olması əvvəlki kimi aktual deyil”.
Günel CƏLİLOVA