“Qala” taekvondo klubunun idmançıları ölkəmizə zəfərlə qayıdıblar… - FOTO

Məlum olduğu kimi, 23-24 fevral tarixlərində Gürcüstanın paytaxtı Tiflisdə “TBILISI SITI CHAMPIONSHIP IN Taekvondo” - beynəlxalq taekvondo turniri keçirilib. Bir sıra ölkələrin uşaq, yeniyetmə və gənc idmançılarının qatıldığı turnirdə Azərbaycanı təmsil edən komandalar sırasında “Qala” taekvondo klubunun idmançıları da olub.
Klub rəhbəri, 4-cü dan qara kəmər, Azərbaycanın əməkdar məşqçisi Ramil Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, yarış gərgin mübarizə şəraitində keçib və yetirmələri, həmişə olduğu kimi, bu dəfə də fərqlənməyi bacarıb.
O qeyd etdi ki, turnirin ilk günündə Nəsimi rayon 14 saylı orta ümumtəhsil məktəbinin 3 a sinif şagirdi Əsgər Həsən I, Nəsimi rayon 19 saylı orta məktəbin 3 c sinif şagirdi Gülnur Musazadə II, 14 saylı orta məktəbin 6 a sinif şagirdi Mircəfər Cabbarov II yeri qazanıb. R.Həsənovun sözlərinə görə, 14 saylı məktəbin 10 c sinif şagirdi Xanmurad Süleymanov yarışın birinci günü yeniyetmələr arasında III, səhərisi günü isə gənclər arasında II yerə layiq görülüb. O, turnirdə, həmçinin, 14 saylı məktəbin 5 c sinif şagirdi Mirnadir Cəbbarovun III yeri qazandığını dedi.
Nəticələrdən razı qaldığını qeyd edən R.Həsənov bildirdi ki, həm yerli, həm də beynəlxalq status daşıyan taekvondo turnirlərində tələbələri mütəmadi olaraq iştirak edir. “Yetirmələrimin nəticələrindən narazı qalmadım. Onlar davamlı olaraq həm paytaxtda, həm bölgələrdə, həm də xarici ölkələrdə keçirilən turnirlərdə iştirak edirlər. Tiflisdə keçirilən beynəlxalq taekvondo turnirindən əli dolu qayıtmışıq, yetirmələrim 6 medal qazanıblar” - deyə R.Həsənov əlavə etdi.
İradə SARIYEVA