Dünən ABŞ-ın Azərbaycandakı səfirliyində ABŞ-ın Müstəqillik Günü qeyd olunub. Baki-xeber.com APA-ya istinadən xəbər verir ki,, tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar 238-ci müstəqillik bayramının qeyd olunduğunu diqqətə çatdıraraq ABŞ-ın müstəqillik tarixi barədə məlumat verib.
Riçard Morninqstar ABŞ-la Azərbaycan arasında mövcud olan ikitərəfli əlaqələrdən də danışıb. Səfir ölkələrimiz arasında güclü əməkdaşlığı təqdir etdiklərini bildirib: "Birləşmiş Ştatlar 20 ildən çoxdur ki, Azərbaycanın suverenlik və müstəqilliyini dəstəkləyir. Biz demokratik, firavan və təhlükəsiz cəmiyyəti təşviq etmək üçün Azərbaycanla birgə işimizi davam etdiririk. Münasibətlərimizdə enişli-yoxuşlu məqamlar həmişə olsa da, ABŞ və Azərbaycan güclü tərəfdaşlığa malikdir və inanıram ki, bu tərəfdaşlıq yalnız güclənəcək. Dövlət katibi Con Kerri də bildirib ki, ABŞ bu münasibətlərə və bütün azərbaycanlılar üçün daha parlaq gələcəyin təmin olunmasına sadiqdir".
Maliyyə naziri Samir Şərifov isə deyib ki, Azərbaycanla ABŞ-ı bütün sahələrdə səmimi dostluq, qarşılıqlı faydalı əməkdaşlıq birləşdirir: "Biz ABŞ-la əlaqələrimizin inkişafına önəm veririk. Siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrimizin daha da genişlənməsi məmnunluq doğurur. İkitərəfli əlaqələrin genişləndirilməsi üçün səmərəli hüquqi baza yaradılıb. Azərbaycan ABŞ-la qlobal və regional təhlükəsizlik, demokratik islahatlar, insan hüquqlarına hörmət, tolerantlıq kimi ümumi dəyərləri bölüşür. ABŞ şirkətləri Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrdə iştirak edir, Avropanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır", - deyə S.Şərifov qeyd edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir bildirib ki, ölkəmiz ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi problemin tənzimlənməsində ABŞ-a böyük ümidlər bəsləyir və rəsmi Vaşınqtonun status-kvonun qəbuledilməzliyi ilə bağlı mövqeyini təqdir edir.