Türkiyənin Anadolu Respublika Prokurorluğu mafiya lideri, mütəşəkkil cinayətkar dəstənin başçısı Sedat Peker haqqında cinayət işi başlayıb. Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb onun xalqı silahlanmağa çağırması olub.
İstanbulun Ataşəhər rayonunda yerləşən bir restoranın açılışına qatılan mafiya lideri insanları sənədli silahlar, ov tüfəngləri almağa çağırıb. "Seçkilərdən sonra həm imperialistlər, həm də onların ölkəmizdəki tərəfdarlarının bir qismi Mərkəzi Seçki Komissiyasını tanımadıqlarını bildirirlər. Seçkinin nəticələrinə əsasən insanları, partiya üzvlərini küçələrə tökəcəklərini bəyan ediblər. Burada terror təşkilatının məqsədi müxalifət partiyalarının üzvlərinin sıralarına qoşularaq ölkəyə od vurmaq, onu dağıtmaqdır. Düzdür, polisimiz, əsgərimiz, kəşfiyyatımız buna imkan verməz. Ancaq Allah and olsun ki, bu vətənin övladları da ölkəmizi qarış-qarış qoruyacaq. Qardaşlarım, bu ölkənin bir qarışını da onlara verməyəcəyik" - deyə Peker qeyd edib.
O, vurğulayıb ki, silah yaxşı insanların əlində olduğu vaxt sığortalıdır: "Bu səbəbdən də, imkanı olan qardaşlarım silahlar alsınlar. Mütləq ov tüfəngləri alsınlar. Mütləq hazırlıqlı olun, qardaşlarım".
Qeyd edək ki, Sedat Peker barəsində əvvəllər də buna bənzər açıqlamalara görə iş açılıb. Ancaq hər dəfə bəraət alaraq azadlığa çıxıb.