Böyük Britaniya hökuməti, 29 martda ölkənin Avropa Birliyindən çıxışı rəsmiləşdikdən sonra baş verə biləcək qiyamla bağlı hazırlıqlara başlayıb.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Britaniya və Avropa Birliyi arasında yaşanan Brexit düyünü Londonda kral ailəsinin təhlükəsizliyilə bağlı məsələni də gündəmə gətirib.
Britaniya hakimiyyəti ölkənin anlaşma omadan birliyi tərk edəcəyi halda xalqın küçələrə çıxacağından ehtiyatlanır. Buna qarşı kral ailəsi üzvlərinin Londondan dərhal çıxarılması üçün “Soyuq müharibə” dövründə mövcud olan fövqəladə vəziyyətə dair planı yenidən gözdən keçirməyə başlayıb.
İngiltərə mətbuatı iddia edir ki, hökumət “Soyuq müharibə”dən bu yana mövcud olan planı, Brexit razılaşması olmadığı halda ola biləcək bir xalq üsyanı ehtimalına uyğunlaşdırmağa başlayıb.
“Sunday Times” qəzeti hökumət rəsmilərinə istinadən yazır ki, kral ailəsinin Londondan dərhal çıxarılması planına kraliça II Elizabet də daxildir. Qeyd edilir ki, ölkədə qiyam olacağı halda təhlükəsizlik qüvvələri kral ailəsi üzvlərini Londondan kənarda təhlükəsiz bir yerə çıxarmağı planlaşdırır.
Britaniya hökuməti Brexit keçid prosesi üçün əldə edilən anlaşmaya 29 martdan əvvəl parlamentdən dəstək almağa çalışır. Ancaq hökumətin buna ümidləri çox azdır, çünki hökumət əvvəldən bu məsələdə parlamentdən dəstək ala bilmir. Elə buna görə də, hökumət və iri sərmayədarlar bir yandan da anlaşmasız ayrılıq üçün tədbirlər planı hazırlamağa başlayıb.
Qeyri-hökumət təşkilatları və həmkarlar ittifaqları isə böhrana görə ölkədə qida və dərman qıtlığı yarana biləcəyilə bağlı xəbərdar edir.