ABŞ “Nüvə başlıqlı orta mənzilli raketlərin məhdudlaşdırılması" (INF) haqqında müqavilədən çıxmaq qərarına Rusiya sərt reaksiya verib.
Baki-xeber.com xəbər verir ki, bundan əvvəl açıqlama verən ABŞ dövlət katibi Mayk Pompeo, razılaşmanın Rusiya tərəfindən pozulduğunu iddia edib və ABŞ-ın müqavilə çərçivəsində bütün öhdəliklərini fevralın 2-dən dayandıracağını bildirib.
INF-dən 6 ay ərzində çıxacaqları ilə bağlı Rusiyanın məlumatlandırılacağını vurğulayan Pompeo, Rusiya müqavilə öhdəliklərinə əməl etməsə razılaşmanın ləğv olunacağını deyib. Pompeo bununla belə əlavə edib ki, Moskvanın mövqeyini dəyişəcəyinə ümid edir.
Pompeonun açıqlamasından sonra başqa bir ABŞ rəsmisi bunun Rusiya üçün son şans olduğunu deyib.
NATO da ABŞ-ın razılaşmadan çıxmaq qərarını dəstəklədiyini açıqlayıb.
ABŞ-ın qərarından sonra Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasını iclasını çağırıb. Kremlin açıqlamasına görə, iclasda ABŞ-ın INF-dən çıxması və Venesueladakı son vəziyyət müzakirə olunub.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə, ABŞ razılaşmadan çəkiləcəyi halda buna cavab verəcəklərini deyib.
Qeyd edək ki, “Nüvə başlıqlı orta mənzilli raketlərin məhdudlaşdırılması" haqqında müqavilə 1987-ci ildə ABŞ-ın o zaman prezidenti olan Ronald Reyqan və sovet lideri Mixail Qorbaçov tərəfindən imzalanın. Müqavilə qısa müddət ərzində nüvə hücumu keçirmək qabiliyyətini azaldaraq, 500 və 5 min 500 kilometrlik məsafəni qət edə bilən bütün nüvə raketlərinin ixtisarını nəzərdə tutur.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin ABŞ-a xəbərdarlıq edib. Putin bildirib ki, ABŞ prezidenti Donald Trampın raket sazişinin çıxması ilə bağlı hədələrinin reallaşdırılması yeni silah yarışına səbəb olacaq.
Putin deyib ki, ABŞ raket sazişindən çıxacağı halda, Avropanın hansı addımları atacağı sualı ortaya çıxacaq. Putin bildirib ki, Birləşmiş Ştatların Avropada orta mənzilli raketlərin yerləşdirilməsinə Rusiyanın cavabı olacaq: “Əsas sual budur - Avropa yeni ortaya çıxacaq raketlərlə nə edəcək? Əgər yeni raketlər Avropaya təhvil verilərsə, təbii olaraq biz də buna cavab vermək məcburiyyətində qalacağıq. Bunu qəbul edən Avropa ölkələri isə öz torpaqlarını əks-hücum risqi altına aldıqlarını anlamaq məcburiyyətində qalacaqlar”.