Rusiya Şimali Koreyaya nüvə proqramından imtina etməyi təklif edib. Baki-xeber.com xəbər verir ki, bu barədə "Washington Post" qəzeti Birləşmiş Ştatlardakı mənbəyə istinadən məlumat yayıb.
Qeyd edilir ki, nüvə silahı və ballistik raket proqramlarından imtina etmək qarşılığında Moskva Şimali Koreya rəhbərliyinə bu ölkədə atom elektrik stansiyasını tikməyi təklif edib.
Bu təklifin Şimali Koreyaya ötən ilin payızında edildiyini yazan nəşr bildirir ki, Amerika kəşfiyyatı bundan bir müddət sonra xəbər tutub.
Iddialara görə, təklif edilən anlaşma çərçivəsində Rusiya tərəfi bütün tullantı məhsullarını, silah istehsal edilməsində istifadə edilməsi risqini azaltmaq məqsədilə, Rusiyadakı stansiyaya göndərəcəkdi: “Bununla da Şimali Koreyanın elektrik stansiyasını nüvə silahı yaratmaq üçün istifadəsi risqi azalırdı, ölkə isə yeni elektrik enerjisi mənbəyi qazanırdı".
Nəşr iddia edir ki, Rusiya bu təklifi Vaşinqtonla Pxenyan arasında danışıqları pozmaq məqsədilə edib. O da bildirilir ki, bu Moskvanın Şimali Koreya enerji bazarının pay almağa çalışdığını da ortaya qoyur.
Nəşrin məlumatını şərh edən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Moskva və Pxenyan arasında qarşılıqlı əlaqələr BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğundur. Ancaq S.Ryabkov məlumatı nə təkzib, nə də təsdiq edib.