Səudiyyəli jurnalist Camal Kaşıqçının qətli ilə bağlı beynəlxalq araşdırma çərçivəsində Türkiyədə səfərdə olan BMT-nin xüsusi məruzəçisi Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna buraxılmayıb.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, qətllə bağlı Türkiyədə görüşlər keçirən BMT-nin xüsusi məruzəçisi Aqnes Kalamard qətlin baş verdiyi Səudiyyə konsulluğuna da baxış keçirmək istəyib. Ancaq konsulluq onun içəriyə daxil olmasına icazə verməyib. BMT-nin xüsusi məruzəçisi sadəcə konsulluğun ətrafına baxış keçirib və hadisə ilə bağlı məlumatlar alıb.
Hakim AKP sözcüsü Ömer Çelik isə Səudiyyənun bu addımına sərt reaksiya verərək, qətllə bağlı beynəlxalq istintaqın başladılmasına çağırıb.
BMT-nin xüsusi məruzəçisi istintaq prosesində əldə etdiyi məlumatları və istintaqla əlaqəli tövsiyələrini BMT-nin İnsan Hüquqları Şurasının iyun sessiyasında hesabat kimi təqdim edəcək.