Suriyada Bəşər Əsəd rejiminə bağlı Rusiya və İranın dəstəklədiyi iki qrup arasında silahlı toqquşma başlayıb. Baki-xeber.com Anadolu agentliyinə istinadən xəbər verir ki, qarşıdurma Rusiyanın dəstəklədiyi "Kaplan Qüvvələrinin 5-ci Birləşməsi" ilə İran dəstəkli və Bəşər Əsədin qardaşı Mahir Əsədin rəhbəlik etdiyi qrup arasında baş verib.
Bildirilib ki, qarşıdurmalar Hama vilayətinin şimal-qərb ərazilərində yerləşən Satha, Bredic, Haydarayyə, İnnab kəndlərində davam edir. İki qrup da bölgəyə əlavə hərbi qüvvə və texnika toplayır. Yerli mənbələrə görə çox sayda adamın öldüyü və yaralandığı qarşıdurmalar İranın bölgədəki gücünün zəiflədilməsi məqsədi daşıyır.
Azad Suriya Ordusunun sözçülərindən Məhəmməd Raşit Anadolu agentliyinə bildirib ki, silahlı qrup arasındakı qarşıdurmalarda ağır silahlardan da istifadə edilir. Qarşıdurmalar hərbi müxaliflərin nəzarətində olan kəndlərə də yayılıb.
Əsəd rejimi isə qarşıdurmalardan diqqəti yayındırmaq üçün ətrafdakı yaşayış yerlərini bombalayır.
Qeyd edək ki, Bəşər Əsəd rejimi uzun müddətdir Suriyada müxaliflərə qarşı əməliyyatlarını öz ordusu ilə yox, İranın dəstək verdiyi silahlı qruplarla həyata keçirir. Həmin qruplar hazırda İdlib, Dəməşq, Hums, Deyrizor və xüsusilə Livan sərhədində yerləşiblər.
Rusiya isə rejim əsgərlərinə təlimlər keçir və onlara dəstək verir. Palmiranın İŞİD terrorçularından təmizlənməsi əməliyyatlarında aktiv rol oynayan Rusiya dəstəkli qruplar isə Dera və Şərq Quta bölgəsində yerləşiblər.