ABŞ prezidenti Donald Trampla Demokratlar arasındakı Meksika ilə sərhəddə tikilməsi planlaşdırılan divarın maliyyələşdirilməsi il bağlı yaranmış mübahisəyə görə, hökumətin 35 gün bağlı qalması ABŞ iqtisadiyyatına 6 milyard dollar ziyan vurub.
Baki-xeber.com xəbər verir ki, Tramp artıq üç həftəlik büdcə planını imzalayaraq, Amerika tarixinin ən uzun hakimiyyətin bağlanmasına (şatdaun) son qoyub.
Trampın Meksika sərhədinə inşa edilməsini istədiyi divar üçün 5,7 milyard dollar maliyyə istəməsi və Konqresdə üstünlükdə olan demokratların bu fikrə müsbət yanaşmaması, ABŞ iqtisadiyyatına da ciddi təsir edib.
Tərəflər arasında razılaşmanın təmin edilməməsinə görə 22 dekabrda bağlanan hökumət, 25 yanvara qədər 35 gün bağlı qaldı. Bu ABŞ tarixində ən uzun hökumət bağlanmasıdır.
Beynəlxalq kredit reytinq agentliyi Standard & Poor's hesablamalarına görə, 35 gün davam edən böhran ABŞ iqtisadiyyatına 6 milyard dollar ziyan vurub. Beləliklə, divar böhranının ABŞ iqtisadiyyatına ziyanı divarın özündən baha başa gəldi.
Keçmiş ABŞ prezidenti Barak Obama dövründə, 2013-cü ildə hökumətin bağlanmasının ziyanı 2,6 milyard dollar, 1995-ci ildə Bill Klinton dövründə bağlanan hökumətin ziyanı isə 2,3 milyard dollar idi.