Prezident Donald Tramp ABŞ federal hökumətinin üç həftəlik açılması ilə bağlı Konqeslə razılıq əldə edib. Baki-xeber.com xəbər verir ki, razılıq nəticəsində artıq 35 gündür bağlı olan dövlət idarələri açılacaq.
“Biz şatdauna son qoymaq və federal höküməti açmaq üzərində razılıq əldə etmişik” - deyə Tramp müxbirlərə bildirib.
Daha öncə büdcəyə ABŞ-Meksika sərhədində divarın inşası üçün 5.7 milyard dolların daxil edilməsini tələb edən prezident Ağ Evdə çıxış edib.
Tramp və qanunvericilər üç həftəlik müvəqqəti büdcə üzərində razılıq əldə edib. Lakin razılıqda Trampın mübahisəli divarın inşası üçün tələb etdiyi pula büdcə ayrılmayıb. Prezident deyib ki, bu arada sərhəd təhlükəsizliyini dəyərləndirmək üçün ikipartiyalı komitə yaranacaq, lakin Tramp bildirib ki, o, iddia olunduğu kimi, bütov ABŞ-Meksika sərhədində beton divarın inşa edilməsini tələb etmir. “Bizim 2 min millik beton divara ehtiyacımız yoxdur. Biz heç vaxt belə bir şey təklif etməmişik” – o deyib.
Hökumətin dekabrın 22-də bağlanmasına Trampın divarın inşası üçün 5.7 milyard dollar tələb etməsi səbəb olub. Demokratlar isə bunun qeyri-effektiv və baha başa gəldiyini iddia edərək, divarın inşa edilməsinin əleyhinə çıxır.
“Şatdaun” nəticəsində yüz minlərlə federal işçi müvəqqəti məzuniyyətə göndərilib, bəziləri isə maaş almadan işləmək məcburiyyətindədir.
Tramp qanunsuz immiqrasiya və narkotik qaçaqçılığının qarşısını almaq üçün divarın zəruri olduğunu deyib, lakin hazırda Nümayəndələr Palatasına nəzarət edən demokralar onun tələbini rədd edib.