ABŞ prezidenti Donald Trampın uzun müddətdir müttəfiqi olan və 2016-cı il prezident kampaniyasında ona məsləhət verən Rocer Ston həbs olunub. Xüsusi prokuror Robert Müllerin ofisinin açıqladığı böyük münsiflər məhkəməsinin ittihamnaməsinə görə ona qarşı yeddi maddə üzrə ittiham irəli sürülüb.
Məlumata görə, Ston rəsmi məhkəmə işinə əngəl törətmək, yanlış bəyanatlar etmək və şahidə təsir göstərmək maddələri üzrə gühankar tanınıb.
Stonla bağlı 2016-c il prezident seçki kampaniyası zaman Trampa dəstəyinə görə istintaq başladılıb. O zaman Ston hakerlərin ələ keçirdiyi və demokratları, o cümlədən Trampın rəqibi Hillari Klintonu rüsvay edəcək məlumatlarla bağlı bilgiyə sahib olduğunu söyləmişdi.
ABŞ prokurorları ittihamnamədə bildirib ki, Ston “2016-cı il prezident seçkisi kampaniyası zamanı Təşkilat 1, onun rəhbəri eləcə də haker hücumuna məruz qalmış emaillərə sahib olduğunu müzakirə etdiyi bir sıra email və mesaj alıb və göndərib”.
Məhkəmə sənədlərində Təşkilat 1-in adı açıqlanmasa da, onunla bağlı məlumatlar bu təşkilatın Wikileaks ola biləcəyinə işarə edir. Wikileaks anonim mənbələrdən əldə olunan gizli və məxfi məlumatları ictimailəşdirir.