Avropa Birliyinin iki əsas ölkəsi Almaniya və Fransa tarixi Yelisey müqaviləsinin 56-cı il dönümündə Birliyi daha da gücləndirmək məqsədilə iki ölkə arasında əməkdaşlığa dair yeni dostuq anlaşması imzalayıblar.
Baki-xeber.com xəbər verir ki, "Aaxen müqaviləsi" adlandırılan saziş Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron tərəfindən Almaniyanın Aaxen şəhərində tarixi bələdiyə sarayında imzalanıb.
Yeni razılaşma 22 yanvar 1963-cü ildə Almaniya kansleri Konrad Adenauerlə Fransa prezidenti Şarl de Qoll arasında imzalanan Yelisey razılaşmasının əsasında hazırlanıb. Tərəflər Yelisey müqaviləsi əsasında hazırlanan yeni müqavilənin ikili əlaqələri yeni bir səviyyəyə çatdırmaq və 21-ci əsrdə iki ölkə və Avropanı qarşılaşdığı problemlərə hazırlamaq olduğunu bildirib. 28 maddəli yeni dostluq razılaşması iqtisadiyyat, müdafiə, silah ixracatında ortaq şərtlərin müəyyənləşdirilməsi və Avropada ikitərəfli əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
Dostuq anlaşmasını artan populizm və millətçiliyə qarşı ortaq cavab olduğunu deyən Merkel sözügedən müqavilənin "Avropa Ordusu" yaradılması yolunda ilk addımlar olduğunu bildirib: "Fransa ilə imzalanan yeni müqavilə "Avropa Ordusu"nun qurulması istiqamətində ilk addımdır. Bizim uzunmüddətli hədəfimiz AB ordusunun yaradılmasıdır. Fransa ilə ortaq bir AB ordusu qurmaq istəyirik. Xarici siyasətimiz də bir olmalıdır. Birgə silah ixrac etməliyik”
Almaniya mətbuatı yeni razılaşmanın daha çox siyasi mesaj xarakteri daşıdığını yazıb. Belə ki, bu razılaşma çərçivəsində iki ölkənin AB-ni islahatlara hazırlayacağı qeyd edilib. Bununla bərabər bu müqavilənin Avropada artan populizm və millətçiliyə qarşı savaş elanı anlamına gəldiyi vurğulanıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp son NATO zirvəsində dünya ölkələrini, xüsusilə Fransa və Almaniyanı İttifaqa daha çox pul ödəməyə çağırmışdı. Bu zirvədən sonra, Makron gündəmdə olmayan "Avropa Ordusu" məsələsini təkrar gündəmə gətirdi. Ancaq Makron bunun NATO-ya qarşı olmadığını iddia edir.
Makronun gündəmə gətirdiyi birgə ordu fikri Avropa İttifaqı ölkələrini ikiyə bölüb. Makrona ilk dəstək isə Almaniya kansleri Angela Merkeldən gəlib. Merkel "Bir gün əsl Avropa ordusunun yaradılması perspektivi üzərində işləməliyik" deyə bildirib. İspaniya, İtaliya, Çexiya və Macarıstan kimi ölkələr də birgə ordu fikrinə müsbət baxdıqlarını açıqlayıblar.
İngiltərə başda olmaqla, Avstriya, İsveç və Rusiya ilə sərhəd olan Latviya və Litva kimi ölkələr isə NATO-nun müdafiə təminatına üstünlük verdiklərini bildirirlər. Bu ölkələrə Hollandiya və Danimarka qoşulub.
ABŞ prezidenti Donald Tramp da Makronun ortaya atdığı ideyaya çox sərt reaksiya verib: "Emmanuel Makron Avropanın ABŞ, Çin və Rusiyadan qorunmaq üçün öz ordusunu qurmasını təklif edir. Lakin I və II Dünya müharibələrində Almaniya vardı. Bəs bu, Fransa üçün necə olmuşdu? ABŞ ordusu gəlib çatmazdan əvvəl Parisdə alman dilini öyrənməyə başlamışdılar".