İtaliyanın baş nazirinin müavini və iqtisadi inkişaf, əmək və sosial siyasət naziri Luidci Di Mayonun Avropa Birliyini, Afrikanı istismar etməsinə görə Fransanı cəzalandırmağa çağırması Paris və Roma arasında diplomatik qalmaqala səbəb olub.
Baki-xeber.com xəbər verir ki, Fransanı sərt sözlərlə hədəfə alan italiyalı nazir, Avropaya miqnat axının əsas səbəbkarının Fransa kimi müstəmləkəçi Avropa ölkələrinin olduğunu deyib: “Əgər bu gün Avropaya gəlmək üçün ölkələrini tərk edən insanlar varsa, bunun səbəbkarı başda Fransa olmaq üzrə hələ də Afrika qitəsini istismar etməkdə davam edən Avropa ölkələridir”.
Avropa Birliyini, Afrikanı yoxsullaşdıran Fransa kimi dövlətləri cəzalandırmağa çağıran Di Mayo, "Bu insanlar öz ölkələrində yaşamaları olduqları halda, Aralıq dənizi sularında ölürlər" deyib.
Afrikada keçmiş Fransa müstəmləkələrində hələ də istifadə olunan ortaq pul vahidi CFA Frankının Fransa tərəfindən buraxıldığını xatırladan Di Mayo Fransanın öz büdcəsini doldurmaq üçün onlarla Afrika ölkəsini istismar etdiyini deyib: "Fransa tərəfindən zəmanət altına alınan pul, Fransanın dövlət borcunun ödənməsində böyük rol oynayır".
Onun sözlərinə görə, Avropa İttifaqı Afrikadan çəkilmək istəməyən ölkələrə qarşı sanksiyalar tətbiq etməyə başlamalıdır.
İtaliyalı nazırin bu açıqlaması Paris və Roma arasında diplomatik böhranın yenidən alovlanmasına yol açıb. İtaliyanın Fransadakı səfiri Tereza Kastaldo bazar ertəsi Fransanın Xarici İşlər Nazirliyinə çağırılıb. “Euronews” fransız diplomatik qaynaqlarına istinadən xəbər verir ki, görüşdə Parisin Luidci Di Mayonun açıqlamalarından narahatlığı dilə gətirilib. İtalyalı səfirə nazir Di Mayonun açıqlamalarının qəbuledilməz olduğu çatdırılıb.
Fransa ilə İtaliya arasındakı böhran necə başladı?
Fransa prezidenti Emmanuel Makron, iyun ayında bir çıxışında, ad vermədən İtaliya hökumətini hədəf alaraq Avropada populist siyasət yürüdənləri tənqid etmişdi. Di Mayo isə həmin vaxt Makrona sərt reaksiya vermişdi. Bundan başqa Di Mayonun Fransadakı “Sarı jiletlilər” hərəkatını dəstəkləyən açıqlaması da iki ölkə arasında gərginliyə səsbəb olmuşdu.