ABŞ prezidenti Donald Tramp Nümayəndələr Palatasının spikeri Nensi Pelosini cümə axşamı Misir, Əfqanıstan və Brüsselə nəzərdə tutulan səfərini təxirə salmağa məcbur edib. Bu, ABŞ tarixində hökumətin ən uzun müddət bağlı qalması üzərində gedən sərt siyasi mübarizədəki son addım olub.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bundan əvvəl Pelosi Trampa məktub ünvanlayaraq illik hesabat məruzəsini təxirə salımağa və ya yazılı yayılmasını istəyib. Pelosi buna səbəb kimi hökumətin bağlı olmasından dolayı təhlükəsizliklə bağlı hazırlıqların axsaya biləcəyini göstərib,
Məhz bundan sonra Trampa Pelosinin Misir, Əfqanıstan və Brüsselə səfərinin ertələndiyini açıqlayıb. Pelosiyə məktubunda "Hökumət bağlı olduğu üçün Brüssel, Misir və Əfqanıstana səfərinizi təxirə salıram" deyən Tramp bildirib ki, hökumət yenidən açılandan sonra 7 günlük səfər yenidən planlaşdırıla bilər.
Nümayəndələr Palatasının spikerinə ünvanladığı məktubda Tramp Pelosi və Konqres üzvlərinə Brüsseldə NATO müttəfiqləri və Əfqanıstanda ABŞ qüvvələri ilə görüşmək üçün hərbi təyyarədən istifadə etmələrinə icazə verməyib və yazıb: “Əminəm siz də razı olarsız ki, 800 min gözəl amerikalı işçinin maaş almadığı bir zaman bu tədbirin təxirə salınması tamamilə məqsədəuyğundur”.
Pelosinin sözçüsü deyib ki, bu səfər zamanı ona milli təhlükəsizlik və kəşfiyyat barədə mühüm məlumatlar veriləcək və Pelosi qoşunlara təşəkkür etmək imkanı əldə edəcəkdi. Prezidentin məktubunda Pelosinin Trampı yanvarın 29-na təyin olunan illik hesabat məruzəsini hökumətin fəaliyyəti tam bərpa olunanadək təxirə salmaq çağırışı barədə heç nə yazılmayıb.
“Prezidentin bunu etməsi tamamilə uyğunsuzdur” - deyə, Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şif müxbirlərə bildirib.
Ağ Evlə Nümayəndələr Palatasının spikeri arasında qarşıdurma yaxın gələcəkdə federal hökumətin qismən bağlanmasına son qoyulmayacağına işarə edir və hökumət aylarla bağlı qala bilər. Hökumətin bağlanmasına demokratlarla respublikaçılar arasında ABŞ-Meksika sərhədində divarın maliyyələşdirilməsi ilə bağlı qarşıdurma səbəb olub.