ABŞ-la Rusiya arasında İsveçrənin Cenevrə şəhərində keçirilən “Nüvə başlıqlı orta mənzilli raketlərin məhdudlaşdırılması" haqqında müqavilə ilə bağlı danışıqlar nəticəsiz başa çatıb.
Baki-xeber.com “Euronews”a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Silahlara Nəzarət və Beynəlxalq təhlükəsizlik üzrə müavini Andrea Tompson deyib.
Tompson, NATO qərargahında jurnalistlərə bildirib ki, Rusiya müqaviləni pozduğu iddia edilən raket sistemlərinə nəzarət edilməsinə icazə vermir. Vaşinqton həmin sistemin sözügedən sazişi pozduğunu bildirir.
Tompson buna cavab olaraq, ABŞ-ın razılaşmadan altı ay ərzində çıxmaq prosesinin fevralın 2-dən başladılacağını deyib.
Vaşinqton, Rusiyanın istehsal etdiyi nüvə başlıqlı ballistik raketlərin qısa müddət ərzində Avropanı vura biləcəyini, bu səbəbdən Moskvanın 1987-ci ildə imzalanmış razılaşmaya əməl edərək raketləri məhv etməyə çağırır. Rusiya isə bu iddiaları rədd edir və ABŞ prezidenti Donald Trampın “Nüvə başlıqlı orta mənzilli raketlərin məhdudlaşdırılması" müqaviləsindən çıxmaq üçün bəhanə çıxardığını deyir.