Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefonla danışığı olub. Baki-xeber Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş Trampın “Twitter” hesabında Türkiyəni təhdid etmısindən sonra reallaşıb.
ABŞ-ın Suriyadan çıxmağa başladığını və bununla yanaşı terror təşkilatı İŞİD-lə mübarizənin davam edəcəyini bildirən Tramp eyni zamanda, Türkiyəni, terror təşkilatı YPG/PKK-nı hədəfə alacağı təqdirdə iqtisadi sansksiya ilə təhdid etmişdi. Tramp, həmçinin, Suriyada 30 km-lik bufer zona yaradılacağını da qeyd edib.
Ərdoğan isə telefon danışığı zamanı Trampa Türkiyənin kürdlərlə deyil, təhlükəsizliyinə təhdid təşkil edən terror təşkilatları ilə mübarizə apardığını deyib.
Trampa Suriyadan çəkilmə qərarını məmnuniyyətlə qarşıladıqlarını ifadə edən Ərdoğan, bu çərçivədə Türkiyənin NATO müttəfiqi ABŞ-a istənilən dəstəyi verməyə hazır olduğunu xatırladıb.
Prezidentlər bölgədə hakimiyyət boşluğunun yaranmaması üçün Münbiç yol xəritəsinin tamamlanması, həmçinin çəkilmə qərarının həyata keçirilməsinə mane olmaq istəyən ünsürlərə imkan verilməməsinin vacibliyini vurğulayıb.
Ərdoğan görüşdə Türkiyənin kürdlərlə heç bir probleminin olmadığını, məqsədin ölkənin milli təhlükəsizliyini təhdid edən terror təşkilatı İŞİD, PKK və PKK-nın Suriyadakı qolları ilə mübarizə aparmaq olduğunu vurgulayıb.