Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" səhifəsində Türkiyəni təhdid edən ABŞ prezidenti Donald Trampa sərt cavab verib. O bildirib ki, strateji tərəfdaşlıq məsələləri sosial şəbəkələrdə müzakirə olunmur.
Baki-xeber.com xəbər veri ki, Tramp "Twitter" səhifəsində Türkiyə Suriya kürdlərinə zərbə endirəcəyi təqdirdə bu ölkənin iqtisadiyyatını çökdürəcəyini bəyan edib. Eyni zamanda o, kürdləri Türkiyəni təxribata sürükləməməyə çağırıb. Tramp, həmçinin, Suriyada 30 km-lik bufer zona yaradılacağını da deyib.
Trampın açıqlamalarının strateji tərəfdaşlığa uyğun olmadığını deyən Çavuşoğlu bildirib ki, Suriyada təhlükəsiz bölgə yaratma fikri Trampa deyil, Türkiyəyə məxsusdur. Çavuşoğlu bildirib ki, 30 km təhlükəsiz bölgə ilə əlaqəli ABŞ-ın təklifi olmayıb, bu, ABŞ-ın düşüncəsi də deyil: “Bu, hörmətli prezidentimizin (Rəcəb Tayyib Ərdoğan) bütün avropalılara təklifidir, ruslar da daxil. Bunu hər görüşdə gündəmə gətirdik. Obama rəhbərliyi bunu realist təklif kimi qəbul etmirdi. Bəhanələrlə bu fikrimizi dəstəkləmədilər. İndi Türkiyənin qətiyyətli olduğunu gördükdən sonra bunu gündəmə gətirdilər”.
Çavuşoğlu Suriyadan çəkilmə mövzusunda Trampın üzərində ciddi təzyiq olduğunu da deyib: “Amerikalı təhlükəsizlik qüvvələri Suriyadan çıxmaması üçün Trampa təzyiq edir”.
Trampın daxili siyasətə dair sosial şəbəkədə Türkiyə əleyhinə açıqlamalarına gəldikdə isə, Çavuşoğlu qeyd edib ki, strateji tərəfdaşlar sosial şəbəkə üzərindən danışmaz: “Bunun üçün əlaqə kanallarımız açıqdır. Biz heç bir təhdiddən qorxmayacağımızı söylədik. İqtisadi təhdidlərlə heç nə əldə edilməz. Biz kürdlərin düşməni deyilik. Tarixdə onları ən çox qoruyan biz olmuşuq və buna da davam edəcəyik. Avropa, ABŞ bu həqiqəti bizdən daha yaxşı bilir”.
Çavuşoğlu əlavə edib ki, Türkiyə heç bir təhdiddən qorxmur: "Biz ac-susuz da qalsaq da, lazım olan addımları atacağıq. ABŞ və digər ölkələr Türkiyəyə hörmətlə yanaşmalıdır".