ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə danışıqlarının detallarını gizlətməsi və Federal Təhqiqat Bürosunun onun Rusiyaya işləyib-işləmədiyini araşdırması barədə iddialara münasibət bildirib.
Tramp FOX telekanalına müsahibəsində Putinlə keçən il iyul ayında Helsinkidə zirvə görüşü də daxil olmaqla, onlar arasında baş tutan beş görüş zamanı danışıqların detallarını gizli saxladığı haqda məlumatları rədd edib.
ABŞ prezidenti aparıcının onun nə vaxtsa Rusiya üçün işləyib-işləmədiyinə dair sualını isə ən təhqiredici sual adlandırıb: “Fikrimcə, bu, mənə verilən ən təhqiredici sualdır. Mənə elə gəlir ki, bu, ən təhqiredici bir məqalədir. Əgər siz onu oxusanız görərsiniz ki, onlar heç bir şey tapmayıblar.”
Tramp bununla “New York Times” qəzetində Federal Təhqiqat Bürosunun rəsmilərinin onun “bilərəkdən Rusiyaya işləyib-işləmədiyi, ya da bilmədən Moskvanın təsiri altına düşüb-düşmədiyi” ilə bağlı təhqiqata başladıqları haqda məqaləyə reaksiya verib. Məqalədə deyilir ki, buna səbəb Trampın 2017-ci may ayında Rusiya təhqiqatına rəhbərlik edən Federal Təhqiqat Bürosunun o zaman rəhbəri olmuş Ceyms Komini vəzifədən azad etdikdən sonra davranışı səbəb olub.
Tramp bildirib ki, Rusiya ilə bağlı heç bir prezident onun qədər sərt mövqe nümayiş etdirməyib.
Tramp eyni zamanda, “Washington Post” qəzetində Putinlə son iki il ərzində danışıqlarının detallarını gizlətdiyinə dair məqalə haqda danışıb. Qəzetin bildirdiyinə görə, Tramp görüşlərdən birindən sonra tərcüməçinin qeydlərini ondan alıb və bunu Tramp administrasiyasının digər rəsmiləri ilə müzakirə etməməsini istəyib.
“Washington Post” bu insidentin Tramp və Putin arasında 2017-ci ildə Hamburqda keçirilən görüşdən sonra baş verdiyini bildirib.
Trampla Putin arasında ən yüksək səviyyədə görüş 2018-ci ildə Helsinkidə keçirilib. İki lider arasında bağlı qapılar arxasında yalnız tərcüməçilərin iştirak etdiyi görüş iki saat sürüb. Zirvə görüşü zamanı aparılan danışıqların heç bir stenoqramı yoxdur. Lakin Tramp Fox telekanalına müsahibəsində bildirib ki, müzakirələr haqda gizlədiləsi heç bir şey yoxdur və o, stenoqramı açıqlaya bilər.