Ağ Ev Milli Təhlükəsizlik Şurası keçən il İranı vurmaq üçün ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) plan hazırlamasını istəyib. Baki-xeber.com xəbər verir ki, məsələ sentyabr ayında ABŞ-ın Bağdad səfirliyinə hücumdan sonra gündəmə gəlib.
“Wall Street Journal” qəzeti keçmiş və hazırda vəzifədə olan şəxslərə istinadən, səfirliyə hücumdan sonra Trampın müşaviri Con Boltonun nəzarətindəki Milli Təhlükəsizlik Şurasının İranı vurmaq mövzusunu müzakirə çıxardığını, Pentaqondan da bununla bağlı plan hazırlamasını istədiyini iddia edib.
Şuranın istəyinin, Pentaqon və ABŞ Dövlət Departamentini ciddi narahat edib. Səfirliyə hücumu "müharibə elanı" kimi xarakterizə edən Şura, ABŞ-ın buna qarşı cavab addımları atmasının vacibliyini qeyd edib.
Pentaqonun, Şuranın tələbinə cavab verib, İrana hücum planlarını göndərdiyini iddia edən qəzet yazır ki, bundan sonra Ağ Evin bu istiqamətdə atılacaq hər hansı bir addımı müzakirə edib-etmədiyi bilinmir. Qəzet ABŞ prezidenti Donald Trampın bu mövzuda məlumatlı olub-olmadığının da bilinmədiyini yazır.
Pentaqon mövzu ilə bağlı açıqlama verməkdən imtina edib. “Wall Street Journal” qəzeti isə iddia edir ki, Təhlükəsizlik Şurası Pentaqondan İraq və Suriyada eyni vaxtda hərbi əməliyyat keçirmək üçün bəzi hərbi planların hazırlanmasını istəyib.