8 il əvvəl Ərəb Dövlətləri Liqasına üzvlüyü dayandırılan Suriyanın təşkilata qayıtması yenidən gündəmə gəlib. Baki-xeber.com xəbər verir ki, Misir üzvlüyün bərpası ilə bağlı Suriya rejiminə çağırış edib.
Misir xarici işlər naziri Samih Şukri, Əsəd rejiminin Ərəb Birliyinə üzvlüyünün yenidən bərpa edilməsinin, Ərəb Birliyi Şurasının qərarı və mart ayında keçiriləcək zirvə toplantısının nəticələrindən asılı olduğunu deyib.
Misirli nazir, Əsəd rejiminə ölkənin təhlükəsizliyi, sabitliyi və suverenliyinin qorunması istiqamətində lazım olan addımları atmağa və Ərəb Birliyinə qayıtmaq üçün hazırlıqlara başlamağa çağırıb: "Əks halda üzvlüyünün bərpası məsələsində dəyişən bir şey olmayacaq".
Qeyd edək ki, 30-cu Ərəb Birliyi sammiti mart ayında Tunisdə keçiriləcək. Tunis Prezidentinin nümayəndəsi Lezher əl-Karavi eş Şabi də, Ərəb Birliyinin Əsəd rejiminin üzvlüyünü bərpa etməsindən məmnun olacaqlarını deyib.
Bundan əvvəl başqa ərəb ölkələrindən də Əsəd rejiminin təşkilata üzvlüyünün bərpası ilə bağlı müsbət bəyanatlar səsləndirilib.
Qeyd edək ki, Suriyanın 2011-ci ilin noyabrında Ərəb Birliyinə üzvlüyü dondurulub, 2012-ci ilin martında Körfəz Əməkdaşlıq Şurası ölkələri Dəməşqdəki səfirlərini geri çağırıb, 2012-ci ildə isə İslam Əməkdaşlıq Təşkilatı Suriyanın təşkilata üzvlüyünü dayandırıb.