Fransa hökuməti icazəsiz aksiya keçirənlərə qarşı qanunun sərtləşdirilməsi üzrə layihə üzərində işləyir.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Fransanın Baş naziri Eduar Filip bəyan edib. O deyib ki, icazəsiz etiraz aksiyası keçirənlər məsuliyyətə cəlb olunacaq və qanun qarşısında cavab verəcək. TF1 telekanalına müsahibəsində bununla bağlı yeni qanun layihəsi hazırlandığını deyən Baş nazir “sarı jiletlilər” hərəkatına qoşulanlar barəsində “sərt tədbirlər görüləcəyini” bildirib.
Dövlət, bələdiyyə və özəl əmlakın dağıdılmasını yolverilməz adlandıran Filipp onu da bildirib ki, hərəkatın başlandığı 17 noyabr tarixindən bu günə kimi 5600 aksiya iştirakçısı gözaltına alınıb, 1000 nəfərə yaxın şəxs müxtəlif müddətli həbs cəzası alıb.
Fransa hökumətinin başçısı deyib ki, “sarı jiletlilər”in şənbə aksiyaları zamanı təhlükəsizliyin təmin olunması üçün hüquq-mühafizə orqanlarının 80 min nəfər əməkdaşı vəzifələndirilib.
Xatırladaq ki, Parisdə etirazların başlamasından ötən müddət ərzində 10 nəfər həyatını itirib, 1000-dən çox insan yaralanıb.