İran və Rusiya Xəzər dənizində birgə hərbi təlim keçirməyə hazırlaşır. Baki-xeber.com xəbər verir ki, bunu İranın Dəniz donanması komandanı admiral Hüseyn Hənzadi deyib.
H.Hənzadi yaxın vaxtlarda iki ölkənin hərbi dəniz donanmalarının Xəzər dənizində birgə axtarış-xilasetmə və qaçaqçılığa qarşı mübarizənin də daxil olduğu geniş təlim keçirəcəklərini bildirib.
Xəzər dənizində bölgə ölkələrindən başqa heç bir gücün olmasına icazə verməyəcəklərinə dair mesaj verən Hənzadi, Xəzərin təhlükəsizliyinin bölgə ölkələri tərəfindən təmin edildiyini deyib.
Hənzadi Xəzər dənizində İran ilə Rusiya dəniz donanmaları arasındakı əməkdaşlığın gücləndiyinə diqqət çəkərək dedi ki, Xəzərdə yaxşı əlaqələrimiz var və bölgə ölkələri də bunun fərqindədir.
İranın rəsmi xəbər agentliyi “Mehr”ə açıqlama verən Hənzadi Rusiya ilə keçiriləcək birgə təlimin tarixinə dair isə məlumat verməyib.